Analitika

Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır

Keçmiş istilahla desək “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”nin ədalətli həlli məsələsində beynəlxalq birliyin uzun illər susduğu və məsələnin sülh yolu ilə həllini faktiki olaraq mümkünsüz etdikləri bəllidir. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədrləri və beynəlxalq təşkilatlar öz üzərlərinə düşən tarixi missiyanı yerinə yetirməyiblər. Xalqımız dünyanın ən yüksək beynəlxalq orqanı olan BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinin yerinə yetirilməsi üçün əməli işlər görəcəyinə ümid edirdi. Üç onillik boyunca Azərbaycan Respublikası sülh arayışlarında, beynəlxalq səviyyəli danışıqlarda konstruktiv mövqedən çıxış edib, bunun qarşılığında işğalçının tamahı daha da böyüyüb. Bu nadürüst gedişatın qarşısını Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin mühüm hərbi-siyasi addımları, tarixi qərarları aldı. 27 sentyabr 2020-ci il tarixində düşmənin növbəti təxribatını dəf etmək və təcavüzə son qoymaq üçün Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələri cəbhəboyu əks-hücuma keçərək uzun illər davam edən işğala 44 gün ərzində son qoydu. Dövlət-xalq birliyindən güc alan qəhrəman ordumuz işğalda olan torpaqlarımızı azad etməklə, xalqımıza qürur yaşatdı, haqq-ədaləti bərpa etdi. 44 gün ərzində Ordumuzun bir gün, bir saat belə geri çəkilmədən ancaq irəli getməsi əcdadımızın hərb ənənələrinin dərindən əxz edilməsi ilə yanaşı, o ənənələrin ən yeni dövrün tələb və çağırışlarına uyğun davam və inkişafını təcalla etdirir. Bu təcalla gəncliyimizə yeni üfüqlər açır.Cəbrayıl şəhəri və rayonu 1993-cü il avqustun 23-də işğal edilib. İşğal vaxtı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları həcmində maddi ziyan dəyib, mənəvi ziyanı ölçməksə sadəcə, mümkün deyil. Qırılan talelər, yarım qalan ömürlər, geridönməz xoşgünlər, əvəzsiz xatirələr. Ermənilərin ölümə, işgəncəyə həsr etdiyi ünvanlarda körpə gülüşü, toylar-düyünlər olub bir zamanlar. Cəbrayılı görmədən bu dünyaya gözlərini əbədi yuman cəbrayıllılar olub.

Cəbrayıllı məcburi köçkünlər respublikamızın 58 rayonu üzrə 2 minədək yaşayış məntəqəsində, eləcə də qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışdır. İşğala məruz qalarkən rayonun 52 min nəfər əhalisi olub. Cəbrayıldan Birinci Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil olub. Rayonun 6 sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.Vətən Müharibəsi vaxtı olduğu kimi postmüharibə dönəmində də xalqımız öz tarixinin şərəfli, qürurlu bir sözlə, unudulmaz günlərini yaşayır. Doğma torpaqlarımıza qayıdış xalqımızın şərəf tarixinin qızıl səhifələrindəndir. Azərbaycan xalqı qədim, mədəni, xeyirxah, dövlətlər quran, zəfərlər çalan xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar, hadisələr, qələbələr olub. Onların hamısı bizimçün əzizdir, doğmadır. Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır. Cəbrayıl Vətən müharibəsində azad edilən ilk şəhərimizdir.

Oxşar Xəbərlər

Back to top button