Analitika

İqlim dəyişikliyinin insan həyatına təsirləri

XX əsrin ikinci yarısı müxtəlif ekstremal təbiət hadisələri ilə (daşqınlar, tayfunlar, gözlənilməz hava şəraiti) xarakterizə olunur. İnsan isə istənilən qeyri müvazinətlik vəziyyətində (sosial, psixoloji, ekoloji və s.) özünü rahat hiss etmir. Bu zaman onun adaptasiya uyğunlaşma mexanizmi pozulur, onun uzunmüddətli kəskin gərginliyi mənfi stres reaksiyalarına, orqanizmdə sərbəst radikalların miqdarının artmasına və nəticədə bu və ya digər patoloji vəziyyətin əmələ gəlməsinə gətirib çıxarır.

İqlimin qlobal istiləşməsi əhalinin sağlamlığına neqativ təsir göstərir. ÜST-nin məruzəsində, BMT-nin ətraf mühit üzrə Proqramında və Ümumdünya meteoroloji təşkilatının «İqlimin dəyişməsi və insan sağlamlığı: təhlükə və tədbirlər» (2003) məruzəsində iqlimin dəyişməsinin insan sağlamlığının bir neçə göstəricilərinə artıq təsir etməsi təsdiq olunur.

İqlimin dəyişməsi artıq dünyada 150000-ə qədər insanın ölümünə səbəb olmuşdur. ÜST-nin məruzəsinin məlumatına əsasən, dünyada 2000-ci ildə iqlimin dəyişməsi ilə əlaqədar diareya (ishal) xəstəliyindən təxminən 2,4% hadisə baş vermişdir, gəlirləri orta həddən aşağı olan ölkələrdə bu göstərici 6%-ə qalxmışdır (World Health Report, 2002). Hazırda iqlimin istiləşməsi faktoruna sağlamlıq üçün məlum olan digər risk faktorları (siqaret çəkmə, alkoqoldan sui istifadə, həddindən artıq yemək, az fiziki aktivlik və s.) ilə bir səviyyədə baxılır.

Rusiyada iqlimin istiləşməsi yerli əhali üçün real hiss olunur. Uzun illər boyu aparılan müşahidələrin məlumatına görə son 100 il ərzində ən yüksək orta illik temperatur artımı (3,5°) Şərqi Sibirdə, Priamuryedə və Primorsk ölkəsində baş vermişdir. XXI əsrdə Rusiyada iqlimin dəyişməsi XX əsrdəki kimi davam edərək, 2-4 dəfə yüksək olacaqdır. XXI əsrin ortalarına havanın orta illik temperaturunun Qərbi Sibirdə 3-4°C, Avropa hissəsinin şimali-şərqində Yakutiyada Arktika sahillərində isə 2-3 yüksəlməsi gözlənilir.

İqlimin istiləşməsinin nəticələrini şərti olaraq birbaşa və dolayı yolla baş verməsinə bölmək olar. Bilavasitə nəticələrə daşqın, tayfun, fırtına, qasırğa ilə əlaqədar insanların ölümü sayılır. Bu səbəbdən Rusiyada hər il minə qədər adam tələf olur. Təbii kataklizmlər ərazini su basması nəticəsində ağcaqanad populyasiyalarının artması, gənə və digər infeksiya daşıyıcılarının aktivləşməsi və onların potensial infeksiya təhlükəsi dövrünün uzanması, su kəmərləri və kanalizasiya qurğularının pozulması kimi dolayı nəticələr yaradır. Bununla əlaqədar bağırsaq infeksiya xəstəliklərinin çoxalması riski yüksəlir.

Yüksək hərarət şəhərlilər üçün xüsusilə təhlükəlidir. Yüksək hərarət yalnız əhalinin daha zəif qrupu (yaşlılar, uşaqlar) üçün deyil, həm də şəhərin mərkəzində işləyən dövlət adamları üçün də risk faktoru sayılır. Çox isti havada evdə kondisioneri olmayan yaşlı adamlar və yay dövründə şəhərdən kənara çıxa bilməyən imkansız, əlil adamlar son dərəcə risk faktoruna məruz qala bilirlər. Epidemioloji tədqiqatlar göstərir ki, yüksək hərarət ən çox yaşı 80-i ötən şəxslər və kiçik yaşlı uşaqlar üçün daha qorxuludur. Uşaqlarda hərarət ishal, yuxarı nəfəs yollarının xəstəlikləri, əsəb pozuntuları əmələ gətirə bilər. İqlimin istiləşməsi yoluxucu xəstəliklərin inkişfında risk faktoru hesab olunur.

Məmmədova Nərgiz,
UNEC İqtisadiyyat və İdarəetmə Ekologiya, 2-ci kurs tələbəsi                       

Oxşar Xəbərlər

Back to top button