AnalitikaGündəmOrduQarabağ və Şərqi Zəngəzur

44 günlük Vətən müharibəsində Azərbaycan xalqı milli birlik nümayiş etdirərək ərazi bütövlüyünü bərpa etdi

8 Noyabr, Azərbaycan xalqının illərdir gözlədiyi tarixi qələbəni simvolizə edir. Bu gün, Azərbaycanın Vətən müharibəsində qazandığı zəfərin şərəfinə qeyd olunur və xalq üçün milli qürur mənbəyidir. Azərbaycan, ərazi bütövlüyünü bərpa edərək uzun illər davam edən işğala son qoymuş, regionda sülh və sabitliyə nail olmaq üçün güclü iradəsini göstərmişdir. Bu zəfər, Azərbaycanın həm daxili, həm də xarici siyasətində hərbi qüdrətin və milli birliyin nə qədər vacib olduğunu bir daha sübut etdi. Azərbaycanın uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü siyasət, Vətən müharibəsində qələbənin əsasını təşkil etdi. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə iqtisadi gücünü artıraraq və hərbi sahədə irəliləyişlərə nail olaraq, torpaqlarının işğaldan azad edilməsi üçün hazırlıq görürdü. Hərbi büdcənin daim prioritet saxlanılması və hərbi sənaye kompleksinin inkişaf etdirilməsi, ölkənin müdafiə qabiliyyətinin yüksəlməsində əhəmiyyətli rol oynadı. Cənab İlham Əliyevin sözləri ilə desək, “bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilmişdir.” Azərbaycanın iqtisadi üstünlüyü və resurslarından səmərəli istifadə edərək güclü bir hərbi potensial yaratması, torpaqların azad edilməsində mühüm rol oynadı. Neft və qaz sektorunun inkişafı ölkəyə güclü iqtisadi gəlir qazandırdı ki, bu da hərbi xərclərin maliyyələşdirilməsini mümkün etdi. Azərbaycanın hərbi büdcəsi illər ərzində davamlı olaraq artırılmış, müasir silahlarla təchiz edilmiş, ordunun peşəkarlığı yüksəldilmişdir. Bu hazırlıq nəticəsində Azərbaycan Vətən müharibəsində qısa müddət ərzində işğal altındakı ərazilərini azad etməyi bacardı. Azərbaycan, Vətən müharibəsi öncəsi və müharibə zamanı effektiv xarici siyasət apararaq beynəlxalq səviyyədə öz mövqeyini gücləndirdi. İşğalçı Ermənistanın sülh və beynəlxalq hüquqa zidd hərəkətləri dünya ictimaiyyətinə düzgün çatdırılaraq ölkəmizin haqlı mövqeyi müdafiə olundu. Lakin beynəlxalq qurumların, xüsusilə də BMT-nin qəbul etdiyi qətnamələrin kağız üzərində qalması və ikili standartların tətbiqi, Azərbaycanın müharibəyə məcbur qalmasının əsas səbəblərindən biri oldu. Uzun illər ərzində Azərbaycanın dinc danışıqlar yolu ilə torpaqlarını geri qaytarmaq istəyi işğalçı tərəfin destruktiv mövqeyi ilə nəticəsiz qaldı. Bütün bu şərait müharibənin qaçılmaz olduğunu göstərdi. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı milli birlik nümayiş etdirərək ərazi bütövlüyünü bərpa etdi və tarixi ədaləti bərpa edərək əzəli torpaqlarını düşməndən azad etdi. 200 ildən artıq müddətdə Azərbaycana qarşı davam edən düşmənçilik siyasəti və erməni millətçiliyinin etnik dözümsüzlük üzərində qurulması bölgədə gərginliyə və münaqişələrə səbəb olmuşdur. Vətən müharibəsi zamanı və ondan əvvəl Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı apardığı təcavüzkar siyasət, ölkəmizin sülhə nail olmaq üçün güclü bir iradə sərgiləməsinin nə qədər vacib olduğunu göstərdi. 8 Noyabr, Azərbaycan xalqının milli qürurunun, dözümlüyünün və mübarizliyinin təntənəsidir. Bu gün, yalnız bir hərbi qələbə deyil, həm də xalqımızın birlik və əzmkarlığının sübutudur. Zəfər Günü, Azərbaycanın gələcək nəsillərinə öz tarixlərini xatırlamaq və milli qürurlarını yaşatmaq üçün bir örnək olaraq qalacaq.

Rəna Süleymanlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button