AnalitikaGündəmOrduQarabağ və Şərqi Zəngəzur

Azərbaycanın ərazi bütövlüyü təmin olundu

Azərbaycan hərtərəfli inkişaf etmiş, onun böyük siyasi, iqtisadi və hərbi potensialı yaradılmış, doğma torpaqlarını işğaldan azad etməyə hazır olan gənc nəsil yetişdirilmişdir. Düşünülmüş hərbi konsepsiyanın həyata keçirilməsi müasir dövrün ən yüksək standartlarına cavab verən Silahlı Qüvvələrin formalaşdırılmasına imkan vermişdir. Yenilməz döyüş əzmi, misilsiz rəşadəti və yüksək peşəkarlığı sayəsində Şuşanı, digər şəhər və kəndlərimizi düşməndən təmizləyən əsgər və zabitlərimizin qəhrəmanlığı xalqımızın qürur mənbəyidir. Silahlı Qüvvələrimiz bu gün də Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün keşiyində ayıq-sayıq dayanmışlar. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir. Azərbaycanın şanlı tarixinə daha bir Zəfər Günü yazıldı. Bu, Azərbaycanın qədim və tarixi şəhəri olan Şuşanın 2020-ci il 8 noyabr tarixində işğaldan azad olunması günüdür. Bununla bağlı Prezident İlham Əliyev dekabrın 3-də Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olub. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə – Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcək. Barbar Ermənistan son 30 ildə elə məkrli planlar qurmuşdu ki, onlar güman edirdilər ki, daha Azərbaycan xalqı bu torpaqlara qayıtmayacaqdır. Elə bilirdilər ki, Şuşanı, Laçını, Kəlbəcəri, Ağdamı, ümumiyyətlə, Qarabağı xalqımızın qəlbindən çıxarıb ata biləcəklər. Buna görə də işğal etdiyi bütün yurdlarımızı viran etmiş, daşı daş üstündə qoymamışlar. Təbiətimizə qənim kəsilmiş, çaylarımızı qurutmuş, meşələrimizi yandırmış, qiymətli ağaclarımızı kəsib məhv etmişdi. Bu illər ərzində yeraltı-yerüstü bütün sərvətlərimizi talayaraq qəsb etmiş, maddi-mədəni abidələrimizə sahib olmağa çalışmışdılar. Doğma torpaqlarımızda Azərbaycan xalqından heç bir nişanə qalmaması üçün ağlagəlməz vəhşiliklərə əl atmışdılar. Artıq Dağlıq Qarabağla bağlı tamamilə yeni reallıq yaranıb. Müzəffər ordumuzun yaratdığı bu reallıq ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü təmin olundu, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi arxivə gömüldü, tarixi Azərbaycan torpaqlarında yeni erməni dövlətinin yaradılması planlarının üstündən həmişəlik xətt çəkildi. Ali Baş Komandanımız Ermənistana və onun himayədarlarına sübut etdi ki, Qarabağ Azərbaycandır!

Rüstəmov Bəhruz,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button