AnalitikaGündəmOrduSiyasət

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının Zəfər salnaməsi – Qələbə dastanıdır

“2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsi çoxəsrlik tariximizin şanlı qürur səhifəsidir. 44 günlük Zəfər yürüşünün hər anı, həm məqamı qəhrəmanlıq dastanı, rəşadətli, cəsarətli və şərəfli Azərbaycan xalqının mübarizə nümunəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan ərazi bütövlüyü və tarixi ədalətlə yanaşı, milli qürur və milli ləyaqətin də bərpasına müvəffəq olmaqla şərəfli tarix yazdı. Azərbaycan xalqı mübarizə ruhuna, sarsılmaz həmrəyliyə malik olduğunu və müzəffər xalq kimi gələcəyə addımladığını nümayiş etdirdi”.

Bunu “İnfososium.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə XXI əsrin müharibəsini aparmaqla mütərrəqi nümunə ortaya qoydu. Təsadüfi deyil ki, bü gün dünyanın aparıcı hərbi məktəblərində Azərbaycan təcrübəsi geniş tətbiq olunur, öyrənilir. Bu, Cənubi Qafqazın lider dövlətinin hərbi qüdrətinin ifadəsidir. 44 günlük Vətən müharibəsində ordumuz 300-dən çox şəhər və kəndi bilavasitə döyüş meydanında azad etdi. Şuşanın işğaldan azad edilməsi isə ayrıca bir qəhrəmanlıq dastanıdır. Bu döyüşlər Azərbaycan hərbçilərinin, gənclərimizin Vətən bağlılığını bütün cəhətləri ilə dünyaya nümayiş etdirdi. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Biz şəhidlərimizlə, qazilərimizlə fəxr edirik. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.

“Azərbaycan münaqişəni hərbi-siyasi həll etməklə öz qüdrətini göstərdi. Ölkəmiz həm Ermənistanın işğalçı siyasətinə loyal münasibət göstərən və təcavüzkarı dəstəkləyən bir sıra böyük dövlətlərin, o cümlədən bəzi beynəlxlq təşkilatların ikili standartlar siyasətini, qərəzli və qeyri-obyektiv mövqeyini iflasa uğratdı. Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edərək regional təhlükəsizliyə və beynəlxalq əməkdaşlığa xidmət edən yeni geostrateji reallıq yaradıb. Nəticə etibarilə, Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, rasional siyasəti, Azərbaycan xalqının mübarizə əzmi və ordumuzun gücü haqq-ədalətin bərpasını təmin etdi”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, ona görə də 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının Zəfər salnaməsi – Qələbə dastanıdır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və biz bundan sonra da müzəffər xalq və qalib dövlət kimi yaşayacağıq.

Oxşar Xəbərlər

Back to top button