AnalitikaGündəmOrdu

Biz xəyalların gerçəkləşdiyi Azərbaycanın, qalib ölkənin qalib vətəndaşları olmağın tükənməz sevincini yaşayırıq

“2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad etməsi yalnız hərbi münaqişənin deyil, həm də Azərbaycanın diplomatik və mədəni irsinin bərpasının başlanğıcı oldu. Şuşa şəhərinin işğaldan azad edilməsi 2020-ci ilin noyabrında Azərbaycan Silahlı Qüvvələrinin müzəffər yürüşünün kuliminasiya nöqtəsi oldu. Şuşa şəhərinin işğaldan azad edilməsi və hərbçilərimizin göstərdiyi fədakarlıq Azərbaycanın tarixində misli görünməmiş qəhrəmanlıq dastanıdır. Döyüş meydanında əldə olunan zəfər Azərbaycanın gücünü və dövlətçilik iradəsini bütün dünyaya nümayiş etdirdi”.

Bunu “İnfososium.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası regionda yeni bir dövrün başlanğıcı oldu. Bu zəfər yalnız Azərbaycanın hərbi qüdrətini deyil, həm də beynəlxalq diplomatik mövqeyini gücləndirdi. Şuşada aparılan bərpa işləri və bu sahədə atılan addımlar Azərbaycanın öz mədəni irsini qorumaq və gələcək nəsillərə ötürmək məqsədini ehtiva edir. 2021-ci ilin yanvarında Şuşada Azərbaycan Dövlət Bayrağının ucaldılması, 2021-ci ilin martında Novruz Bayramı münasibətilə tonqalın alovlandırılması mərasimi və sair kimi tədbirlər Azərbaycanın öz milli mənliyini bərpa etməsi və regionun gələcəyinim müəyyənləşdirilməsi yolunda mühüm addımlar oldu. Şuşada görülən tikinti işləri həm də Azərbaycanın iqtisadi və mədəni irsinin gücləndirilməsinə yönəlmişdir.

“2021-ci ilin yazında Şuşada yeni məscidin təməli qoyuldu, həmçinin Şuşada keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Azərbaycanın mədəni irsini dünyaya tanıtmaq məqsədini daşıyan bir tədbir olaraq böyük əhəmiyyət kəsb etmişdir. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Memarlıq və şəhərsalma sənətinin parlaq incisi olan Şuşa, həmçinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Artıq bir çox abidələr bərpa olunub, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı güllələnmiş büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. “Xarıbülbül” və “Qarabağ” otelləri yenidənqurmadan sonra istifadəyə verilib, modul tipli xəstəxana fəaliyyətə başlayıb. Zəfər yolunun üzərindəki Şuşa Otel-Konqres Mərkəzi Kompleksi fəaliyyətə başlayıb, Şuşada yaşayış kompleksləri, turizm obyektləri tikilir. Bərpa işlərinin sürəti deməyə əsas verir ki, çox keçmədən Şuşa nəinki Azərbaycanın, eləcə də dünyanın ən gözəl şəhərlərindən biri olacaq”.

Onun sözlərinə görə, dövlətimizin başçısı 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən 8 noyabr tarixi ikinci dəfədir ki, Şuşa Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunacaq. Xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir. Biz xəyalların gerçəkləşdiyi Azərbaycanın, qalib ölkənin qalib vətəndaşları olmağın tükənməz sevincini yaşayırıq. Bu şanlı tarix təkcə bizim üçün yox, gələcək nəsillər üçün də qürur mənbəyi olaraq qalacaq.

Oxşar Xəbərlər

Back to top button