Tarixən insanların önəmli ünsiyyət vasitəsi kimi simvollara,siqnallara ehtiyacı olmuşdur. Bu baxımdan bayraqlar əvvəllər hər hansı emosiyanın ifadəsi kimi təzahür etmişdisə, sonrakı tarixi proseslərdə daha ciddi anlama gələrək,dövlətlərin rəsmi atributlarının daşıyıcısına çevrilmişlər.
Beləliklə, bayraq mahiyyət etibarilə bir etiket kimi mənsub olduğu xalqın milli qürurunun ifadəsi olmuşdur. Buna görə də bayraq həmin xalqın keçdiyi tarixi yolu, xalqın mənəvi keyfiyyətlərini simvolizə etməlidir.
Azərbaycan adlı coğrafiyada müxtəlif dövlətlər olmuşdur ki, onların hər biri özəl bayraq və digər dövlət atributları qəbul etmişdir. Lakin çağdaş dövrdə milli dəyərləri özündə ehtiva edən bayraq ötən əsrin əvvəllərində istiqlal qazanmış Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən dalğalandırıldı. 9 Noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası bundan əvvəl, həmin ilin 24 iyununda rəsmiləşdirilən qırmızı rəngli bayrağın əvəzində üçrəngli bayrağı təsdiq etdi.
Amerikan veksilloloqu Vitni Smit hesab edir ki, bayrağın müəllifi Əli bəy Hüseynzadədir. Görkəmli naşir və türkçü alim özünün “Füyuzat” jurnalındakı məqaləsində “Türk hissiyyatlı, islam etiqadlı, firəng qafalı” kimi təqdim olunan tezisi bir qədər sonra böyük türk mütəfəkkiri Ziya Göyalp belə inkişaf etdirmişdi: ”Türk qanlı,islam imanlı, avropa mədəniyyətli”.
Dahi Üzeyir Hacıbəyov milli bayrağımız haqqında danışarkən onun özündə daşıdığı rəng mənalarına münasibəti diqqət çəkir: ”Azərbaycan Respublikası o zaman bütün Şərqdə (və Avropada) ən demokratik parlament modelinə malik idi və sağlam bir milliyət fikri və türklük şüuru üzərində qurulmuşdu. Eyni zamanda Azərbaycan çağdaş bir cəmiyyət qurmağa, Avropa zehniyyəti ilə çalışmağa əzm etmişdir. Bayrağımızın üç rəngi bu ümdənin timsalıdır”.
Lakin sovet işğalı nəticəsində AXC-nin devrilməsi üçrəngli istiqlal bayrağının yasaq dövrünün başlanması demək idi. Sovet imperiyası dönəmində milli bayrağımız yalnız mühacir həyatı yaşayan istiqlal mücahidlərimiz tərəfindən ölkə xaricində istifadə edilmişdi.
Ötən əsrin 80-ci illərinin sonunda milli bayraq milli hərəkat tədbirlərində görünməyə başladı. Naxçıvan Muxtar Pespublikası Ali Məclisinin 17 noyabr 1990-cı il tarixi sessiyasında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə çağdaş tariximizdə ilk dəfə olaraq, rəsmi iclas salonuna gətirilən bayraq Naxçıvan MR-nın dövlət bayrağı olaraq qəbul edildi. Bunun ardınca 5 fevral 1991-ci idə Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı kimi təsdiqlədi.
2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin göstəiş və tövsiyələri əsasında ərsəyə gələn Dövlət Bayraq Meydanı 2010-cu il sentyabrın 1-də rəsmi olaraq istifadəyə verilmişdir.
O zaman bu təntənəli açılışda Cənab Prezident mükəmməl nitq edərək bizim üçün əlçatmaz görünə biləcək gələcəyə olan sarsılmaz inamını belə ifadə etmişdi: ”Azərbaycan ərazi bütövlüuünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun Azərbaycan bayrağına!”
Tarix bu uzaqgörənliklə deyilmiş fikirləri təsdiqlədi. Bu gün Qarabağın hər yerində yenilməz bir vüqarla, qəlbimizi coşduran təntənə ilə milli qürurumuzun rəmzi olan Azərbaycan bayrağı dalğalanır.
Elxan İsmayılov,
Zabrat qəsəbəsi, 192 saylı tam orta məktəbin tarix müəllimi