AnalitikaGündəmMədəniyyətSiyasət

Türk dünyası üçün yeni imkanlar açılır

Türk dünyasının birliyinin yüksək zirvəyə çatdığı tarixi məqamları yaşayırıq. Bu gün böyük əminliklə qeyd edirik ki, Naxçıvandan başlayan missiya uğurla davam edir. Bu mühüm məqam Azərbaycanın türk dünyasının birliyinə töhfələrinin aydın məzərəsini yaradır. Belə ki, 2009-cu ilin oktyabrında türkdilli dövlət başçılarının Naxçıvan Zirvə görüşündə saziş imzalandı və türkdilli dövlətlər arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Təşkilatın Naxçıvandan başlanan inkişaf yolu bu gün qlobal siyasətdə mühüm amilə çevrilir. Həmin Sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradıldı. O zaman sənədi dörd ölkənin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin prezidentləri imzalamışdır. İllər keçdikcə, xüsusilə Azərbaycanın və Türkiyənin liderliyi sayəsində quruma üzv ölkələr arasında əlaqələr daha da genişləndi. 2021-ci ilin noyabrında İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü mühüm məqamları ilə diqqətdə oldu. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının “Türk Dövlətləri Təşkilatı”na dəyişdirilməsi haqqında, Türkmənistana təşkilatda müşahidəçi statusunun verilməsi haqqında, Azərbaycan Prezidentinin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında, “Türk dünyasına baxış – 2040” sənədinin qəbulu ilə bağlı Qərar qəbul edildi. Azərbaycan Şuraya sədrlik etdiyi 2019-2021-ci illərdə təşkilatın fəaliyyətinin gücləndirilməsinə, türkdilli ölkələr və xalqlar arasında dostluğun, qardaşlığın daha da möhkəmləndirilməsinə səy göstərdi. Bu müddətdə türkdilli dövlətlərin birliyinin daha da dərinləşdirilməsinə xidmət edən konfranslar, zirvə görüşləri keçirildi, mühüm qərarlar qəbul edildi.

Ölkəmizin quruma sədrliyi dövrü dünyanı bürüyən koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi, həmçinin 44 günlük İkinci Qarabağ müharibəsinin yaşandığı dövrə təsadüf etdi. Azərbaycanın, Prezident İlham Əliyevin təşəbbüsü ilə COVİD-19 pandemiyası ilə bağlı Türk Şurasının Zirvə görüşünün keçirilməsi qlobal problemin həllində səylərimizin daha da birləşdirilməsinə böyük töhfə oldu. 44 günlük İkinci Qarabağ müharibəsi türk dünyasının birliyini daha da möhkəmləndirdi.

Dövlət başçısı İlham Əliyev quruma üzv və müşahidəçi dövlətlər arasında əlaqələrin inkişafında mühüm rol oynayan qarşılıqlı səfərlərə diqqəti yönəldərək bu statistik rəqəmi açıqladı ki, son iki ildə bu ölkələrə 20 səfər edib. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər.

Əfləddin Həsənov,
Sabunçu bələdiyyəsinin sədri

Oxşar Xəbərlər

Back to top button