Cənab prezident İlham Əliyev, Azərbaycanın COP29 tədbirinə ev sahibliyi etməsindən sonra kiçik ada dövlətləri ilə əlaqələrinin daha da gücləndiyini vurğuladı. O, kiçik ada dövlətlərinin qlobal səhnədə səslərinin daha güclü eşidilməsinin vacibliyini qeyd etdi. Cənab prezident İlham Əliyev, xüsusilə müstəmləkə keçmişi olan ölkələrə çağırış edərək, iqlim dəyişikliyi təsirlərindən müdafiə məqsədilə kiçik ada dövlətlərinə maliyyə və texniki dəstəyin göstərilməsini tövsiyə etdi. Qeyd edək ki, Azərbaycanda da iqlim dəyişiklikləri artıq ciddi nəticələr doğurmaqdadır Xəzər dənizində suyun səviyyəsi hər il biraz da aşağı düşür, çaylarda və dağlıq ərazilərdə qar ehtiyatları getdikcə azalır. Bütün bunlar dünyanın istənilən ölkəsində baş verən problemlərdəndir. Lakin bu proseslər kiçik ada dövlətləri üçün daha çox həyati təhlükəyə çevrilir və onların ekoloji sabitliyinə ciddi təhdid yaradır.
Azərbaycanın kiçik ada dövlətlərinə göstərdiyi dəstək həm təbii fəlakətlər zamanı yardım, həm də su təchizatı və mədəni irsin qorunması istiqamətində layihələrlə həyata keçirilir. Bir çox ada dövləti Azərbaycan universitetlərində təqaüd proqramlarından faydalanır. Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan, aralarında 20 kiçik ada dövləti olmaqla, 80-dən çox ölkəyə yardım göstərmişdir.
COP29 çərçivəsində Bakıdan edilən müraciət zamanı cənab prezident İlham Əliyev kiçik ada dövlətlərinin üzləşdiyi problemlərin həllində qlobal iqlim maliyyələşməsinin rolunun əhəmiyyətini vurğuladı. Azərbaycan həmçinin, Millətlər Birliyi ilə birlikdə Tonqa ilə Anlaşma Memorandumu imzalayaraq kiçik ada dövlətlərinə peyk məlumatları əsasında ətraf mühitin monitorinqi xidmətlərini təqdim etməyi nəzərdə tutur mexanizm ətraf mühitin daha dəqiq izlənməsinə və müvafiq tədbirlərin görülməsinə şərait yaradır.
Cənab prezident İlham Əliyev həmçinin qeyd edib ki, Karib dənizi və Sakit Okean bölgəsində olan ərazilər iqlim dəyişikliyinin mənfi təsirlərini ən çox hiss edən bölgələrdən biridir. Dəniz səviyyəsinin artması, havanın ciddi şəkildə çirklənməsi və biomüxtəlifliyin pozulması bu ərazilər üçün önəmli dərəcədə təhlükə yaradır və bu ərazilərdə yaşayan xalqlar çox zaman onların maraqlarını müdafiə edə biləcək bir mənbədən məhrum olurlar. Cənab prezident İlham Əliyev, Fransa və Niderlandın müstəmləkə dövründən qalan ərazilərində baş verən insan hüquqları pozuntularını sərt tənqid edərək bu məsələlərin qlobal səviyyədə diqqət mərkəzində saxlanmasını tələb edir.
Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin nümayəndələri halhazırda XXI əsrdə də belə müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların müstəmləkəsi olduğu ölkəkər tərəfindən idarə edilməsinin sona çatdırılması prosesi hələ də yubanır.
1966-1996-cı illərdə Fransa Polineziyası Fransanın burada 193 nüvə sınağı keçirməsi səbəbilə ətraf aləmin önəmli şəkildə çirklənməsi prosesi ilə qarşı-qarşıya qalıb. Fransa həmin ərazilərdə torpaq və su mühitinin ciddi şəkildə zəhərlənməsi və radiasiyaya məruz qalması səbəbilə məsuliyyət daşıyır. Bu ərazilərdə radiasiya miqdarı 4900 faizi keçib. Bununla yanaşı həmin ölkənin Əlcəzairdə illərlə işğal zamanı etdiyi 17 nüvə sınağını əlavə etsək, biz Fransanın planetin ekosisteminə necə ziyan verdiyini görə bilərik. Prezident Makronun rejimi Yeni Kaledoniyada əhalinin bu etdiyi legitim etiraz aksiyasında 13 nəfərin həyatını itirməsinə, 169 nəfərin yaralanmasına səbıb olmuşdur. Həmçinin 1700 insan azadlıqdan məhrum edilmişdir. Eyni zamanda bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs edilib. Bütün bunlara baxmayaraq, nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası Fransa üçün heç bir tədbir görməyib. Bu, siyasi riyakarlıqdır. Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların ölümü görə Prezident Makronun hökuməti ilə eyni məsuliyyəti daşıyır. Fransadakı bütün siyasi məhbuslar dərhal azadlığa buraxılmalıdırlar.
Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycan kiçik ada dövlətlərini dəstəkləyir və COP29 çərçivəsində də bu dəstəyi davam etdirəcək.
Lalə İsmayılova,
Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin coğrafiya müəllimi