AnalitikaGündəm

Qalibiyyətimizin simvolu olan Zəfər parkı

Bakıda açılışı olan Zəfər parkı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə salınıb. Paytaxtın 8 Noyabr prospektində inşa olunan Zəfər parkının ərazisi 10 hektara yaxındır. Parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

Parka keçid hissədə 8 Noyabr – Zəfər Gününü əks etdirən memorial abidə ucaldılıb. Abidə Zəfər Gününü və sarsılmaz birliyi təcəssüm etdirir. Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirən yaşıllıq salınıb. Zəfər parkında, həmçinin tematik bağça, kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası və parka ümumi baxış nöqtəsi yaradılıb. Yaddaş bağçasının ətrafında istirahət guşələri salınıb. Parkın sonunda Azadlıq Bayrağı Meydanı inşa olunub. Zəfər parkının açılışında iştirak edən və orada Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldan Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi fikirlər 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanmağımızdan ötən 4 il ərzində keçdiyimiz yola və qalib ölkə statusunun bizə gətirdiyi siyasi, mənəvi-psixoloji üstünlüklərə nəzər salmaq, ümumiləşdirmələr aparmaq baxımından olduqca əhəmiyyətlidir.

Zəfər parkının və onun giriş qapısının – Zəfər tağının görünüşü, ümumi ab-havası Vətən müharibəsindəki tarixi Qələbəmizin ruhunu, mahiyyətini çox gözəl əks etdirir. Bu möhtəşəm kompleks Dövlətimizin gücünün, Ordumuzun qəhrəmanlığının rəmzi kimi bura ziyarətə gələn hər bir azərbaycanlıda böyük qürur hissi yaradır.  Prezident İlham Əliyevin Zəfər parkının açılışı zamanı xalqa müraciətində qeyd etdiyi kimi, Ermənistana havadarlıq edən güclər bizi işğal taleyi ilə barışdırmaq istəyirdilər, Ermənistan-Azərbaycan münaqişəsini guya həll etməyə çalışan vasitəçilər dəfələrlə bəyan edirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Həmsədrlər bununla onu demək istəyirdilər ki, biz bu işğalla barışaq: “Çünki onların planlarında məhz bu idi. Onların planlarında məsələni həll etmək yox, işğala son qoymaq yox, Azərbaycan torpaqlarını erməni işğalının altında əbədi saxlamaq idi. Biz bunu görürdük, bilirdik. İllər keçdikcə, hər bir danışıqlar dövrü uğursuzluqla başa çatdıqca həm Azərbaycan rəhbərliyi, həm Azərbaycan xalqı bunu əyani şəkildə görürdü. Biz isə bu vəziyyətlə barışa bilməzdik. Və barışmadıq da”.

Vətən müharibəsinin 44 gününü özündə simvolizə edən, tariximizin qızıl səhifəsinə çevrilən 44 tağlı Zəfər parkının yaradılması xalqımızın və dövlətimizin gələcəyi olan gənc nəslin milli ruhda, vətənpərvərlik ideyaları əsasında yetişməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Biz Vətən müharibəsində Azərbaycan gəncliyinin xalqa, Vətənə, dövlətə sevgisini, mübarizə əzmini, cəsarətini, şücaətini gördük. Bu, bizdə böyük qürur hissi yaratdı. Biz, eyni zamanda, dövlət tərəfindən atılan addımların nəticəsində vətənpərvərlik ruhunda tərbiyə olunan gəncliyimizin gələcəyinin güvəndə olduğunu gördük, duyduq və yaşadıq. Buraya gələn hər bir ziyarətçiyə Vətən müharibəsinin gedişatı barədə sərgilənən eksponatlar Azərbaycana zəfər qazandıran döyüşləri göz önündə canlandırmağa imkan yaradır.

Hidayət Səmədov,
YAP Şuşa rayon təşkilatının fəalı 

Oxşar Xəbərlər

Back to top button