“2020-ci il noyabrın 25-i Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi gün kimi yazılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, bu şanlı tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur. Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcərin işğaldan azad edilməsindən artıq dörd il ötür. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. Beləliklə, Kəlbəcər və Laçın rayonları, Ağdam rayonunun işğal altında qalan hissəsi bir güllə atılmadan mərhələli şəkildə Azərbaycana təhvil verildi”.
Bunu “İnfososium.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Kəlbəcərin işğaldan azad olunması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir. Hazırda Kəlbəcərdə bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, şəhər dirçəldilir. Belə ki, Vətən müharibəsindən sonra rayon ərazisində infrastrukturun bərpasına və yenidənqurma işlərinə başlanılıb. İndi yenidən qurulmaqda olan şəhər özünün əzəli sakinlərinin – kəlbəcərlilərin yolunu gözləyir. Hazırda bütün kəlbəcərlilər bayram ab-havasındadırlar. Cənab Prezidentimiz işğaldan azad olunan digər ərazilər kimi Kəlbəcərin də sosial və iqtisadi inkişafı üçün vacib siyasət yürüdür. İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərə də həyat yenidən qayıdır. Kəlbəcər ərazisinin dağlıq relyefi, füsunkar təbiət mənzərələri, keyfiyyətli su ehtiyatları və tarixi abidələri buranın gələcəkdə turizm məkanı kimi şöhrət tapacağına zəmin yaradır.
Onun sözlərinə görə, Kəlbəcər rayonunda aparılan nəhəng quruculuq işləri bu diyarın gözəl gələcəyindən, azad olunmuş ərazilərə “Böyük Qayıdış”ın uğurlu perspektivindən xəbər verir. Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Zəfərlə ərazi bütövlüyümüzün bərpa olunması, işğaldan azad edilmiş torpaqlarımızın iqtisadiyyata reinteqrasiyası ümumilikdə ölkəmizin inklüziv və dayanıqlı inkişafı üçün yeni üfüqlər açır.