AnalitikaGündəm

Kəlbəcərin qaytarılması Azərbaycanın tarixi qələbəsidir

Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal edilmişdi. Erməni vandalizminin, vəhşiliyinin izləri Kəlbəcərdən də yan keçməyib. Bütövlükdə, rayonun işğal olunmuş ərazisində bütün tikililər – Azərbaycanın tarixi, mədəni, dini və milli abidələri dağıdılıb və ya yerlə-yeksan edilib. 27 ildən sonra Kəlbəcər öz azadlığına qovuşdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis olunması ilə bağlı 31 iyul 2023-cü ildə Sərəncam imzalayıb. Bu gün – noyabrın 25-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 4 il ötür. Kəlbəcər rayonu Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq noyabrın 25-də Azərbaycana qaytarılıb. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Kəlbəcər bir güllə atılmadan düşmən tapdağından azad olunub. İşğaldan azad olunduqdan sonra Kəlbəcərə səfər edən Prezident İlham Əliyev buradakı erməni vəhşiliyi ilə bağlı deyib: “Baxın, görün, şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Vəhşi ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar. Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Buradan çıxanda o binaları da yandırıb, sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı illərin əvvəllərində bu torpaqları işğal edərkən bizim şəhər və kəndlərimizi dağıtmışdılar. 2020-ci ildə biz bunları buradan qovanda da gedə-getdə ağacları kəsib, yandırıb, binaları dağıdıblar”. 2023-cü il sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. 23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Düşmən ağ bayraq qaldıraraq təslim olub. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib. Hazırda azad olunmuş digər ərazilərimiz kimi Kəlbəcərə də həyat yenidən qayıdır, yeni infrastruktur qurulur, şəhər dirçəldilir. Belə ki, Vətən müharibəsindən sonra rayon ərazisində infrastrukturun bərpasına və yenidənqurma işlərinə başlanılıb. İndi yenidən qurulmaqda olan şəhər özünün əzəli sakinlərinin – kəlbəcərlilərin yolunu gözləyir.

Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button