İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə başa çatmaqla çoxəsrlik tariximizin heç zaman unudulmayacaq səhifəsini yazdı. Azərbaycanın siyasi qələbəsinin və Ermənistanın məğlubiyyətinin təsdiqi olan 10 noyabr birgə Bəyanatında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Ağdam və Laçın rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etmələri öz əksini tapdı. Artıq xalqımız Ağdam və Kəlbəcərin işğaldan azad edilməsinin sevincini yaşayır. Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 25-də Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində bir daha bildirdi ki, müharibə kimin kim olduğunu göstərdi. Belə ki, Ermənistan məğlub edilmiş, Azərbaycan zəfər çalmış ölkədir. Azərbaycan 30 ilə yaxın erməni işğalı altında qalan tarixi torpaqlarını öz gücü və əzmi ilə azad etdi. Ayın 25-i şanlı Azərbaycan Ordusu Kəlbəcərə daxil oldu. Kəlbəcərin düşmən tapdağından azad olunması ilə bağlı Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bəyan etdi ki, biz öz ərazilərimizi işğaldan azad etməklə həm də erməni faşizmini məhv etdik.
Regionda işğal siyasəti başda olmaqla ekoloji və mədəni terrora da son qoyuldu. Çünki düşmən Kəlbəcər də daxil olmaqla bizim digər tarixi torpaqlarımızda günahsız insanları öz dədə-baba yurdundan vəhşicəsinə qovmaqla yanaşı, bu ərazilərdəki tarixi abidələrə və təbiətə də böyük ziyan vurmuşdur. Kəlbəcər 1993-cü ilin aprel ayının 3-dən Ermənistan ordusunun işğalı altında idi. Rayon ərazisində 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi. Kəlbəcərlilər Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi ermənilər çıxarılanadək talan edilmişdir. Ölkə başçısı çıxışının davamında vurğuladı ki, Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə gəlməsəydi, Azərbaycan nəinki öz qalan torpaqlarını itirəcəkdi, ümumiyyətlə, dövlətçilik əldən gedəcəkdi. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra düşünülmüş və məqsədyönlü siyasət nəticəsində bütün sahələrdə davamlı uğurlara imza atan Azərbaycan son 17 ildə bu siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi sayəsində diplomatik qələbələrinin miqyasını daha da genişləndirərək İkinci Qarabağ müharibəsində şanlı zəfərimizi şərtləndirdi. Döyüş meydanında qələbəmizdə münaqişənin həlli üçün yaradılan möhkəm hüquqi baza da əsaslı rol oynadı. Kəlbəcərin uzun müddət işğal altında saxlanılması nəticəsində həmin ərazidə bioloji müxtəlifliyə, o cümlədən flora və faunaya, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub, ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, qiymətli ağac növləri ilə zəngin meşələrin, eləcə də təbiət abidələrinin, ümumilikdə yeraltı və yerüstü təbii sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulub.
Kəlbəcər rayonunda 968 hektar ərazini əhatə edən “Qırmızı kitab”a daxil edilmiş ayıfındığı ağacları da kütləvi şəkildə qırılıb. Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik 7 relikt göl, o cümlədən Kəlbəcər və Laçın rayonlarının yaylaqlarında Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl ciddi antropogen təsirə məruz qalıb. Bunlarla yanaşı, Kəlbəcər rayonu ərazisi faydalı qazıntılarla, o cümlədən qızıl, gümüş, mis, xrom civə, tellur, selen və s. kimi yataqlarla zəngindir. Burada sənaye əhəmiyyətli Söyüdlü, Ağduzdağ və Qızılbulaq qızıl, Şorbulaq və Ağyataq civə və Mehmana polimetal yataqları xüsusilə əhəmiyyətlidir. Beləliklə, Ali Baş Komandanın yorulmaz, qətiyyətli, uzaqgörən siyasəti və rəşadətli Ordumuzun qarşı qoymaq mümkün olmayan gücü və əzmi ilə otuz illik işğala son qoyuldu. Heç şübhəsiz ki, aylar, illər ötəcək, ancaq Azərbaycanın Vətən müharibəsində gösərdiyi cəsarət və vətənpərvərlik unudulmayacaq. Bununla bağlı, kitablar, dərsliklər yazılacaq, müharibədə iştirak etmiş hər bir azərbaycanlı isə qəhrəmanlar olaraq anılacaq.
Ramin Əliyev,
YAP-ın fəalı