BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası Azərbaycanın yüksək nüfuzunun göstəricisi olmaqla yanaşı Azərbaycanın beynəlxalq müstəvidəki böyük siyasi qələbəsi, irimiqyaslı diplomatik uğuru oldu . Azərbaycan faktiki olaraq iqtisadi imkanlarını siyasi kapitalın toplanmasına, beynəlxalq imic və nüfuzunun yüksəlməsinə yönəltməyi bacarmış nadir dövlətlərdən biridir. Rəsmi Bakı noyabrın 11-də start götürən və qlobal iqlim dəyişmələri ilə bağlı müzakirələrin aparıldığı toplantının dünya ölkələrinin, xüsusi ilə də inkişaf etməkdə olan dövlətlərin gözlədikləri qərarların qəbulu ilə başa çatması üçün bütün qüvvəsini səfərbər etmişdi. Azərbaycan genişmiqyaslı tədbirin öhdəsindən uğurla gəldi, bu sahədə yüksək səviyyəli təşkilatçılıq qabiliyyətini nümayiş etdirdi. Bütün tərəflərin yekdilliklə COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etməsi bunun bariz göstəricisidir. Mötəbər tədbirin Azərbaycanda keçirilməsi haqqında qərara gəldikdə isə Prezident İlham Əliyev bildirdi ki, biz buna layiqik. Apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi Azərbaycana olan hörməti daha da artırdı.
İki həftə dünyanın ekoloji mərkəzinə çevrilən Azərbaycan təkcə yaşıl enerjiyə keçid deyil, bütün sahələrdə malik olduğu imkanları təqdim etdi. Cari ilə dünyaya “Yaşıl dünya naminə həmrəylik!” çağırışı ilə başlayan Azərbaycanın bu istiqamətdə atdığı uğurlu addımların xronologiyası bunu bir daha sübut edir. Ölkəmiz üçün hər bir hədəf növbəti uğurlara doğru gedən yolun başlanğıcı kimi dəyərləndirilərək onun reallığa çevrilməsi istiqamətində bütün zəruri addımlar atılır. Qlobal dünyanı narahat edən iqlim böhranının aradan qaldırılmasında məhz yaşıl enerjidən istifadənin əhəmiyyətli rol oynadığını nəzərə alsaq, Azərbaycanın bu sahədə də beynəlxalq əməkdaşlığın gücləndirilməsinə töhfələri ilə diqqətdən kənarda qalmadığının şahidi olduq. Ümumiyyətlə, ekoloji, iqtisadi və texnoloji amillərin birləşməsi yaşıl enerjiyə uğurlu keçidə imkan yaradır. Məhz bu baxımdan bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılıması günümüzün əsas çağırışlarından birinə çevrilib. COP29 çərçivəsində keçirilən görüşlərdə, aparılan müzakirələrdə ümumi qənaət bu oldu ki, ölkələrin çoxunun, xüsusən də inkişaf etməkdə olanların yaşıl enerjiyə keçidinə mane olan əsas faktorlardan biri məhz maliyyə, investisiya çatışmazlığıdır. Bu səbəbdən yaşıl enerji siyasəti yürüdən ölkələrin diqqət mərkəzində saxlamalı olduqları məqamlardan biri müvafiq sərmayələrin cəlb olunmasıdır. Bu sahədə nümunə olan ölkələrdən biri Azərbaycandır. Ölkəmizdə xarici investisiyalar hesabına çoxsaylı bərpaolunan enerji mənbələri yaradılır və proses yüksək intensivliklə davam edir. Artıq xarici investisiyalar hesabına Azərbaycanda yaşıl enerji istehsalında mühüm nailiyyətlər əldə olunub. Fəaliyyətini uğurla davam etdirən Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən inşa olunmuş 230 meqavat gücündə Qaradağ Günəş-Elektrik Stansiyası bunun ən yaxşı nümunələrindən biridir. Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. Qeyd edildiyi kimi, Azərbaycan təkcə iqlim sammitinə ev sahibliyi etmədi, həm də maliyyə məsələsində öz addımlarını atdı. Belə ki, Azərbaycan İqlim Maliyyə Fondunun yaradılması təşəbbüsü ilə çıxış etdi və bu fondun çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində töhfə verdiyini açıqladı. Azərbaycan Prezidenti İlham Əliyev COP29-un inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışı zamanı bəyan etdi ki, bu ilin sentyabrında İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı Bakıda ciddi irəliləyiş əldə olunub. Bu yay Azərbaycan Tonqada Millətlər Birliyi ilə Birgə Bəyannamə imzaladı. Bakı COP-da İtki və Zərər Fondu tam işlək vəziyyətə gətirildi. Belə ki, COP29 ilk Qlobal Baxışın nəticələrində heç bir geriləmə olmamasını təmin edərək, Zərər və İtki Fondunu işə salmağa və fondun 2025-ci ildə maliyyə vəsaitini paylaşdırmağa hazır olmasına müvəffəq oldu. Azərbaycan təkcə COP29-a ev sahiblik etmədi, həmçinin ölkəmiz geniş qlobal təşəbbüslərlə çıxış etdi və necə böyük bir dövlət olduğunu, dünyadakı proseslərə necə həssaslıqla yanaşdığını bir daha nümayiş etdirdi.
Hidayət Səmədov,
YAP Şuşa rayon təşkilatının 2 nömrəli ərazi partiya təşkilatının sədri