Ölkə başçısı Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda siyasi, iqtisadi, hüquqi, sosial, kadr və struktur islahatları daha da sürətlənir. Geniş vüsət alan islahatlar bir çox sahələri əhatə etməklə ölkənin ümumi inkişafına yeni dinamizm gətirir. Qətiyyətlə demək olar ki, ölkə başçısı tərəfindən həyata keçirilən mükəmməl islahatlar konsepsiyası iqtisadi inkişafın Azərbaycan modelini yaradıb. Bütün bunlar Azərbaycanın sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla, ölkənin iqtisadi inkişafında və əhalinin rifah halının yaxşılaşdırılmasında mühüm rol oynayır.İctimai-siyasi sabitlik, həyata keçirilən davamlı islahatlar nəticəsində yaradılan güclü iqtisadi potensial dünyada gedən çətin geosiyasi proseslər fonunda Azərbaycan iqtisadiyyatının davamlı və dayanıqlı inkişafını təmin edib. Uğurla inkişaf etdirilən innovativ, unikal idarəetmə texnologiyaları və bunların tətbiqi nəticəsində ölkəmizdə qısa müddətdə böyük nailiyyətlər əldə olunub. Cənab Prezident İlham Əliyevin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” sərəncam imzalaması və sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilməsi Cənab Prezidentin sosial rifaha yönəlmiş siyasətinin yüksək səmərəliliyini göstərir. Məsələn, 2021-ci ildə dövlət büdcəsində sosialyönümlü xərclər 10,3 milyard manat təşkil edirdisə, 2024-cü il üçün bu məbləğ 15,5 milyard manata çatdırılıb, 2025-ci ilin büdcə layihəsində isə 16,9 milyard manat nəzərdə tutulur. Bu göstəricilər qısa müddətdə sosial xərclərin 6,6 milyard manat və ya 1,6 dəfə artdığını göstərir. Fevralın 1-dən isə minimum pensiyanın məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata qaldırılacaq. Qarabağ və Şərqi Zəngəzurda bu qədər tikinti-quruculuq işlərinin getdiyi bir zamanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində belə bir addımların atılması dövlətimizin gücünün göstəricisidir.Əminliklə deyə bilərik ki, Azərbaycanda Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial islahatlar ölkənin iqtisadiyyatını gücləndirərkən vətəndaşların sosial təminatını da mütəmadi olaraq yaxşılaşdırmağa yönəlib. Bu addımlar sosial rifahın davamlı artımını təmin etməklə ölkənin ümumi inkişafına mühüm töhfə verir.
Nizami Şahvələdov,
YAP Şuşa rayon təşkilatının 33 nömrəli ərazi partiya təşkilatının sədri