2020-ci ildə II Qarabağ müharibəsi nəticəsində tarixi Zəfərinə qovuşan Azərbaycan üç il sonra – 2023-cü ildə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə 19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə edilib. Bu ərazilər I Qarabağ müharibəsi dövründə Ermənistan Ordusu tərəfindən tam işğal olunmuşdu. Ədalət Azərbaycanın beynəlxalq siyasətinin əsasını təşkil edir.
Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə aparılan işlər nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən olunub. Bununla da Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin – Bağanıs Ayrımın, Aşağı Əskiparanın, Xeyrımlının və Qızılhacılının ərazilərinin (6,5 kvadratkilometr) Azərbaycana qaytarılması təmin edilib. Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülən Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılıb, Dövlət Himni oxunub. Qazaxın 4 kəndinin 1 güllə atılmadan qaytarılması isə Azərbaycanın suverenliyinin təmin olunmasında daha bir önəmli addımdır.
Göründüyü kimi, Prezidentin müsahibəsində reallığa çevrildi və Qazaxın qeyri-anklav 4 kəndi Azərbaycana qaytarıldı. Azərbaycan-Ermənistan sülh müqaviləsi və delimitasiya prosesi ilə bağlı aydın, ardıcıl və kompleks yanaşma sərgiləyən dövlət başçısı həmin müsahibəsində Qazaxın qeyri-anklav 4 kəndi barədə də danışmışdı. “O kəndlər ki, anklav kəndlərdir, – çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, – həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və o, müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalıdır və bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidir”- Prezident İlham Əliyev
Məmmədova Gülsüm,
YAP Şuşa rayon təşkilatının fəalı