
Azərbaycanda son 20 il ərzində nəqliyyat infrastrukturu böyük bir inkişaf mərhələsindən keçib. Bu dövrdə ölkədə həyata keçirilən bir sıra mühüm layihələr, nəqliyyatın səmərəliliyini artırmaqla yanaşı, iqtisadiyyatın da inkişafına mühüm təsir göstərib.
Əvvəlcə, avtomobil yollarının genişlənməsi və modernləşdirilməsi ilə bağlı görülən işlərə nəzər salmaq lazımdır. Son 20 ildə Azərbaycanda 21 min kilometrdən çox avtomobil yolu tikilib və təmir edilib. Bu, ölkə daxilində insan və yük daşımalarının daha sürətli və təhlükəsiz şəkildə həyata keçirilməsinə imkan yaratdı. Müasir avtomobil yollarının yaradılması ilə, həmçinin kənd və şəhər arasında əlaqələr möhkəmləndi, bölgələr arasında yol hərəkətinin asanlaşdırılması, sərnişinlərin və yük daşımanın sürətlənməsi təmin olundu.
Bundan başqa, 335 körpü və yolötürücüsünün inşası da əhəmiyyətli bir addım olub. Bu infrastruktur obyektləri, xüsusilə dağlıq ərazilərdə və çətin relyefli bölgələrdə yol hərəkətini asanlaşdırmışdır. Körpülər və yolötürücüləri vasitəsilə çətin keçilən yerlərdə nəqliyyatın təchizatı təmin olunub, qəza və digər təhlükələr minimuma endirilib. Nəqliyyatın təhlükəsizliyi artırılıb və insan həyatı üçün risklər azaldılıb.
Bundan başqa, ölkənin tranzit imkanları da genişlənib. Azərbaycanda həyata keçirilən ən mühüm layihələrdən biri Bakı-Tbilisi-Qars dəmiryolu xətti və Bakı Limanı layihəsidir. Bu layihələr, Azərbaycanı beynəlxalq nəqliyyat əlaqələrində mühüm bir mərkəzə çevirmək məqsədini güdür. Bakı Limanı və Qars dəmiryolu xətti, Orta Asiya və Şərqi Avropa arasında yük daşımalarını daha sürətli və asan hala gətirmişdir. Bu həm də Azərbaycanın beynəlxalq ticarət və iqtisadi əlaqələrini gücləndirmişdir. Beləliklə, ölkə, Avrasiyanın mərkəzində yerləşən strateji mövqeyini daha da gücləndirib.
Azərbaycanın nəqliyyat sektorundakı inkişaf, ölkə iqtisadiyyatı üçün də mühüm töhfələr verib. Yük daşımalarının səmərəliliyi artıb, əhalinin iş yerlərinə daha sürətli çatması təmin olunub. Bu inkişaflar ölkənin müxtəlif bölgələrində iqtisadi fəallığı artıraraq, sosial rifahın yüksəlməsinə gətirib çıxarıb. Bölgələr arası əlaqələrin möhkəmlənməsi, Azərbaycanın daxili bazarını daha da inteqrasiya etməsinə imkan yaradıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışında vurğulayıb ki, baxmayaraq ki, son illər ərzində bu istiqamətdə bir çox işlər görülmüşdür, böyük infrastruktur layihələri icra edilmişdir, yenə də Bakı şəhərində tıxac müşahidə olunur və əfsuslar olsun ki, tıxacların sayı ildən-ilə artır. Bunun təbii səbəbləri var. Ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artır. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb, hətta o rəqəmi də ötüb. Əlbəttə ki, vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı həzm edə bilmir. Son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edildi, yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı. Əgər bu işləri görməsəydik, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi. Amma yenə də görürük ki, növbəti böyük bir proqramın qəbul olunmasında böyük fayda olacaq. Bu məqsədlə bir müddət bundan əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dövlət proqramının hazırlanmasına dair müvafiq göstərişlər verilib və bir neçə ay ərzində bu proqram üzərində iş aparılıb. Bütün ölkə üzrə son illər ərzində bir çox nəqliyyat layihələri icra edilmişdir. Kənd yolları, şəhərlərarası yollar, magistral yollar çəkilmişdir. İllər keçdikcə indi əvvəlki vəziyyət yaddan çıxır. Ancaq əgər 20 il əvvələ nəzər salsaq görərik ki, o vaxt yollarımız nə vəziyyətdə idi. Hətta Bakı şəhərinin əsas yolları faktiki olaraq heç bir standarta uyğun gəlmirdi. Yeni yollar saldıq, bütün şəhərləri demək olar ki, müasir yollarla birləşdirdik. Bütün sərhədlərimizi müasir avtomagistrallarla birləşdirdik. Kənd yollarının təmiri və salınması dərəcəsi təqribən 85-90 faizə çatıb və hər il bu məqsədlər üçün vəsait ayırırıq. Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Hazırda ərazimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, digər addımlar da atılır, o cümlədən rəqəmsallaşma məsələlərinə diqqət göstərilir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılmışdır və ortaq müəssisələr, müştərək müəssisələr qurulmuşdur. Prezident İlham Əliyev həmçinin onu da bildirib ki, Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir və mütləq həyata keçiriləcək. Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, bu dəhlizin açılması üçün praktiki addımlar atırıq. Düzdür, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Naxçıvan Muxtar Respublikasının lazım olan ehtiyaclarını müxtəlif yollarla təmin edirik. Azərbaycanda nəqliyyat infrastrukturu sürətlə inkişaf edir.
Hidayət Səmədov,
YAP Şuşa rayon təşkilatının fəalı