
Yoxsulluq səviyyəsinin təxminən 5 faizə endirilməsi Azərbaycan üçün böyük bir nailiyyət hesab olunur və bu, ölkənin iqtisadi və sosial inkişafının müsbət göstəricisidir. Ölkəmizin şəhər və rayonlarının davamlı və tarazlı inkişafının təmin olunması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin siması köklü şəkildə dəyişmiş, regionların iqtisadi potensialı artmış, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti, biznes və investisiya mühiti yaxşılaşmış, əhalinin rifah halı yüksəlmişdir.Ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirmiş və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaratmışdır.Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirmişdir.Dünyanın bir çox ölkələrində iqtisadi böhran illərində əhalinin sayında müşahidə olunan azalma prosesindən fərqli olaraq, respublikamızda demoqrafik artım öz əksini statistik rəqəmlərdə tapır. Cənab Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyası nəticəsində iqtisadi qüdrətini artıran, sabitlik, təhlükəsizlik, əmin-amanlıq məkanı olan ölkəmizdə sosial rifah səviyyəsinin də davamlı olaraq yaxşılaşması özünü göstərir. Bu amillər isə demoqrafik inkişaf üçün vacib şərtlər sırasındadır. Ölkə başçısı Cənab İlham Əliyev dəfələrlə qeyd edir ki, müstəqilliyimiz illərində qazanılan uğurlarımızdan ən önəmlisi ölkədə demoqrafik inkişafın yüksəlişi, hər cür qayğı ilə əhatə olunan əhalinin sayının artmasıdır. Dayanıqlı inkişaf şəraitində uğurlar qazanan Azərbaycan müsbət demoqrafik göstəriciyə görə də Cənubi Qafqazın lider ölkəsidir.Yoxsulluğun azaldılması sosial gərginliklərin azalmasına, cinayətkarlığın səviyyəsinin aşağı düşməsinə və cəmiyyətin ümumi rifahının artmasına səbəb ola bilər. Dövlətimizin yoxsulluğun azaldılması məqsədilə müxtəlif sosial proqramlar həyata keçirmişdir. Bu proqramlar arasında sosial müavinətlər, işsizliklə mübarizə tədbirləri, təhsil və səhiyyə sahəsində islahatlar yer alır. Dövlətimizin məşğulluq proqramları və iş yerlərinin yaradılması ilə bağlı atdığı addımlar, əhalinin işsizlikdən qorunmasına kömək etmişdir. Bölgələrdə və kənd yerlərində infrastruktur layihələrinin həyata keçirilməsi, iş imkanlarının yaradılması və yerli iqtisadiyyatın gücləndirilməsi yoxsulluğun azaldılmasına müsbət təsir göstərmişdir. Ölkəmizdə Yoxsulluq səviyyəsinin 5 faizə enməsi, Azərbaycanın iqtisadi və sosial inkişafında əldə etdiyi mühüm bir irəliləyişi göstərir. Bu nailiyyət, hökumətin düzgün siyasətlər və tədbirlərlə, həmçinin əhalinin həyat şəraitini yaxşılaşdırmağa yönəlmiş islahatlarla mümkün olmuşdur.
Nizami Şahvələdov,
YAP Şuşa rayon təşkilatının fəalı