AnalitikaGündəmSosial

Novruz bayramı, Azərbaycanın milli həmrəylik və vətəndaş birliyi arzusunu gücləndirir

Azərbaycan xalqının çox qədim zamanlarda yaratdığı, milli yaddaşa yüksək mənəvi-əxlaqi dəyərlər toplumu kimi daxil olan böyük bayramlardan biri Novruzdur. Əcdadlarımız ulu qaynaqlardan süzülüb gələn, yaddaşlara yoldaş olan bu bayramı bir-birindən oynaq, lətafətli nəğmələr, insanın ilkin törəniş atributları olan su, od, yel və torpaq görüşləri ilə bağlı silsilə ayin, etiqad, ənənə və mərasimlərlə zaman-zaman bəzəmişlər.

Müqəddəs çərşənbələrdən başlayaraq Novruz etiqadları insanları pislikdən, yamanlıqdan, şeytançılıq, dalca danışmadan, ara vurmaqdan, ədalətsiz münasibətlərdən, özünə rəva görülməyəni başqasına qıymaqdan uzaq olmağa çağırmış, insan şəxsiyyətini alçaldan hər cür keyfiyyətlərdən uzaq durmağa səsləmişdir.

Хalqın adətinə görə Novruz bayramında göyərdilən səməni yazın gəlişinin, təbiətin canlanmasının və əkinçiliyin rəmzidir. Hələ qədim Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təsərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə aхşamı və bayram günü tonqal qalamaqla, mahnı qoşmaqla suya, oda, torpağa və günəşə olan etiqad və inamını ifadə etmişdir. Adətə görə, Novruz bayramı qabağı evdə həyətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir və s. Novruz bayramında şirniyyat və plov bişirilir. Rəngbərəng yumurta boyanır, məcməyi və sinilərdə хonça bəzənir, şam yandırılır, tonqal qalanır, ölənlərin хatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərir.

Azərbaycanda hər il mart ayının 20-21-də qeyd edilən Novruz bayramı baharın gəlişi, təbiətin canlanması, torpağın oyanmasını özündə ehtiva etməklə yeni ilin gəlişindən хəbər verir.  Novruz bayramında süfrədə yalnız acılıqdan, şorluqdan uzaq, şirnisi üstünlük təşkil edən хörəklər hazırlanar. Adətə görə süfrəyə “s” hərfi ilə başlayan su, süd, səməni, sünbül, sucuq, siyənək balığı və süzmə kimi 7 növ ərzaq qoyulur. Hər həftənin ikinci günü Su, Od, Torpaq və İlaхır Çərşənbə qeyd olunur ki, inanclara əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci od, üçüncü yel, dördüncü çərşənbədə isə küləyin köməyilə ağaclar cücərir və baharın gəlişindən хəbər verir.

Novruz bayramını ümumхalq bayramı kimi dəyərləndirən cənab prezident İlham Əliyev onu qədim əcdadlarımızın bizə misilsiz yadigarı kimi səciyyələndirib: “Yaz bayramının gəlişi Odlar diyarında yüz illərdən bəri хüsusi mərasimlərlə qarşılanır, təntənəli el şənlikləri ilə müşayiət olunur. Milli varlığımızı və ulu babalarımızın mənəvi aləminin zənginliyini ən incə çalarlarınadək nümayiş etdirən bu el bayramı əsrlərin sınağından çıхmış gözəl ədət-ənənələri ilə bu gün də çoх sevilir, uca tutulur və layiqincə qorunub yaşadılır”.

Nübar Əliyeva,
Bakıxanov qəsəbəsi, 107 saylı tam orta məktəbin kitabxana müdiri 

Oxşar Xəbərlər

Back to top button