
Dünya yaranandan xalqlar özünəməxsus adət-ənənə yaratmış və bu ənənələri nəsildən-nəsilə ötürmüşlər. Azərbaycan xalqı o xoşbəxt xalqlardandır ki, özünün adət-ənənəsini yaratmış və dövrün, zamanın dəyişməsinə baxmayaraq, onu yaşatmışdır. Sevinc üzərində qurulan, meydana gələn adət-ənənə sonradan tarixi hadisə olaraq xalqımızın milli bayramı kimi formalaşmışdı. Artıq bütün dünyada qeyd olunmaqda olan Novruz bayramı da Azərbaycan xalqının tarixi qədim olan bayramlarındandır. Tarixi mənbələrə əsasən, demək olar ki, hələ qədim zamanlarda bu bayram 12-15 gün qeyd olunub. Bayram günlərinin öz ritualları, adət-ənənələri mövcuddur. Əyləncələrlə, oyunlarla zəngin olan hər gün yaradıcılığın bütün janrlarını əhatə edir. Yazılı mənbələrə istinadən demək olar ki, Novruz bayramı eradan əvvəl 505-ci ildə yaranmışdır. Dünyəvi şair Nazimilmülkün “Siyasətnamə”sin də, Ömər Xəyyamın “Novruznamə”sin də və digər şair və yazıçılarımızın əsərlərində Novruz bayramı xalqımızın ən geniş şəkildə qeyd etdiyi bayramlardan biri kimi vurğulanmışdır. Nizami Gəncəvinin “İskəndərnamə” poemasında Nüşabənin İsgəndəri məhz Novruz bayramında qonaq çağırması və tonqal ətrafında ona müxtəlif cür Novruz adət-ənənəsini özündə əks etdirən nemətləri təqdim etməsi bu bayrama xüsusi önəm verildiyini göstərir. Yazılı ədəbiyyata əsaslanaraq, demək olar ki, Novruz bayramı Baharın gəlişi ilə əlaqələndirilir. Təbiət hadisəsi ilə qədim insan cəmiyyətlərinin həmin anı bayram olaraq qeyd etmələrinin məntiqi səbəbləri var. Təbiətə yenilik gətirən bu anı yeni il kimi qeyd etmək də təsadüfi deyil. “Yeni gün” anlamına gələn bu bayram İslam adət-ənənəsinə də tam uyğundur Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır, bağban meyvə ağaclarını budayır, uşaqlar novruzgülü dərmək üçün dağlara, yamaclara, meşələrə üz tuturlar. Bayramın gəlişi ilə qız-gəlinlər milli adət-ənənəyə uyğun olaraq libaslar geyinir, evlər bəzədilir, palaz-paltar yuyulur, həyət-baca süpürülərək təmizlənir. Təbii ki, axşam vaxtı qaranlıq düşəndə bütün el-obada tonqallar qalanır. Tonqalların üstündən hər kəs ənənəyə uyğun olaraq üç dəfə hoppanmaqla köhnə ilin azar-bezarını elə köhnə ildə də qalmasını arzulayır. Azərbaycan xalqının bağlandığı və geniş şəkildə qeyd etdiyi Novruz bayramın da süfrələrə cürbəcür xörəklər, meyvələr, şirniyyatlar düzülür. Süfrənin bəzəyi isə səməni olur. Təbii ki, bu hal da süfrədən gül-çiçək, su, güzgü, qızıl əşyaları da əskik olmur. Süfrəyə aş gətirildikdə isə ailə üzvlərinin hər birinin adına şamlar yandırılır. Adət-ənənəyə uyğun olaraq bayram günü hər kəs öz evində olmalıdır. Qəmi-kədəri unudub, şən əhval-ruhiyədə və bir-birinə xoş sözlər deməlidirlər.
Novruz bayramı demək olar ki, Azərbaycanla yanaşı bütün Şərqdə, xüsusilə də Mərkəzi Asiyada, İranda, Pakistanda, Türkiyədə, Qazaxıstanda, Tacikistanda, Özbəkistanda, Türkmənistanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd olunur. 2009-cu il sentyabrın 30-da isə Mehriban xanım Əliyevanın səyi nəticəsində Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir. Qonşu dövlət olan Gürcüstanda dövlət səviyyəsində Novruz bayramına xüsusi önəm verilmiş və ötən ildən başlayaraq, martın 21-i qeyri-iş günü elan olunmuşdur.
Novruz bayramının bütöv mifoloji semantikasında xalq meydan tamaşalarından tutmuş, ayrı-ayrı mövsüm atributlarına, kulinar atributlarına qədər bu mifoloji yolun izləri özünü qoruyub saxlayır. Əslində, Novruz bayramının ilk çərşənbəsinin su adı ilə qeyd olunması insanın yaradılış prosesinin ilkin mərhələsinin qeyd olunmasıdır. Su çərşənbəsində xalq arasında bu gün də yaşadılan mərasimlər bu fikri təsdiq etməkdədir. Su çərşənbəsində suyun qutsal mahiyyəti ona inamda bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, sağlamlıq və xoşbəxtlik verən bir sakral inam obyekti kimi çıxış edir. Azərbaycan folklorunda, eləcə də türk xalqlarının folklorunda suyla bağlı görüşlər, inam və sınamlar da bununla əlaqədardır. Od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbə-od çərşənbəsi insanın yaradılış prosesinin ikinci mərhələsinin, od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür. Mövcud tədqiqatlarda bayram ərəfəsi odla bağlı ritual və mərasimlərin aktiv mövcudluğu daha çox odun mahiyyəti ilə əlaqələndirilib. Məsələnin bu cür etnik-mifoloji kontekstinin müəyyənləşdirilməsi baxımından yanlış qoyulması bayramın atəşpərəstlik və dolayısı ilə irandilli xalqlarla bağlanmasına, bu da öz növbəsində xalqımızın etnogenezesinin qeyri-türk kontekstində axtarılmasına gətirib çıxarmışdır. Qədim türk mifologiyasının özündə odla bağlı müxtəlif motivlər mövcud olmuşdur və Novruzdakı odla bağlı rituallar bu görüşlərlə bağlıdır. Yel çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən yel çərşənbəsi də yaranış prosesinin üçüncü mərhələsini əks etdirir. Əgər torpaq və su insan yaradılışının materialını, maddi əsasını təşkil edirsə, od və yel bu materialın yaradılmasında kənar vasitəçi statusunda çıxış edir. Belə ki, yaradılışla bağlı dörd ünsür mifində yaradılışın maddi əsası olaraq torpaqla su binar oppozisiyadırsa, bu materialın yaradılışa çevrilməsi prosesinə təkan verən vasitələr kimi, yellə od da binar oppozisiyadadır. Yaradılış mifologiyasında torpaqla suya daha çox statiklik, donuqluq, yellə oda isə dinamiklik, hərəkət xasdır. Bu mənada yel, hava birbaşa ilahi qüvvənin iradəsinin ifadəsi kimi çıxış edir. Əski türk mifoloji mətnlərində bu mifin məntiqdən irəli gələrək yel daha çox antropomorflaşdırılmış, canlı, çevik bir varlıq kimi təsəvvür edilmişdir. Bu təsəvvürlər daha çox «yel baba» mifik obrazında konsentrasiya olunmuşdur. Bəzi hallarda mənfi semantemdə də xatırlanan yel baba əksərən müsbət obrazda özünü göstərir. Torpaq çərşənbəsi sonuncu ilaxır çərşənbə torpaq çərşənbəsidir. Yuxarıda da qeyd etdiyimiz kimi, torpaq insan yaradılışının əsas maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq müqəddəsliyinin türk mifoloji görüşləri ilə bərabər, etnik-əxlaqi dəyərlər sistemində yurd, vətən, el-oba anlayışı ilə yanaşı, yaradılışın maddi əsası olmasından irəli gələrək sakral mifoloji semantikaya da malikdir. Yazda torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Bu isə ilk növbədə insanın yaradılış mifindən qaynaqlanır.
Əfsanə Nağıyeva,
Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi