AnalitikaGündəmSosial

Novruz bayramı, Azərbaycan xalqının milli kimliyini və mənəvi dəyərlərini yaşatmağın bir nümunəsidir

Novruz bayramının tarixi çox qədimlərə gedib çıxır. Bu bayramı  yazın gəlişini və təbiətin oyanışını qeyd edən, müxtəlif mədəniyyətlərdə geniş şəkildə keçirilən bir bayramdır. Əsasən, Orta Asiya, Qafqaz, Yaxın Şərq, Balkanlar və türk xalqları arasında geniş yayılıb. Fars mənşəli novruz sözünün mənası “yeni gün” deməkdir. Bayram əsasən təbiət oyananda- martın 20-21-də qeyd olunur.

Bayramın kökləri və  yaranışı zərdüştlük dininə, əsasən də qədim Persiya İmperiyasına bağlıdır. Bayram, yeni ilin başlanğıcı və təbiətin oyanışı kimi qəbul edilir. Bu günlərdə təbiət yenidən canlanır, insanlar uzun qışın ardından təbiətin və həyatın yenidən başlanmasını şənliklə qarşılayırlar.

Novruz Bayramı ilə əlaqədar  bir çox adətlər mövcuddur. Belə ki, bayram günlərində evlər təmizlənir, xüsusi yeməklər hazırlanır, dostlar və ailə üzvləri bir araya gəlir. Novruz bayramının  özünəməxsus simvolik yeməkləri də var. Məşhur Novruz yeməkləri arasında plov, şəkərbura, paxlava və külçə kimi şirniyyatlar yer alır. Həmçinin, bayramın simvollarından biri olan “səfri Novruz” adı verilən xüsusi masa qurulur. Bu masada 7  əşya (su, şirə, yağ, sarımsaq, alma, üzüm və s.) yerləşdirilir və onların hər biri fərqli mənalar daşıyır.

Ölkəmizdə də bu bayram hər il təntənəli şəkildə keçirilir, hər bir evdə müxtəlif bayram yeməkləri, şirniyyatlar hazırlanır, həyətlərdə tonqallar qurulur. Novruzun Azərbaycanda həm də dövlət səviyyəsində qeyd edilməsi, təbii ki, iqtisadi və sosial həyatla bağlı müxtəlif festivalların, konsertlərin və tədbirlərin təşkilinə gətirib çıxarır. Bu bayram, həm də ailəvi birlikləri gücləndirir, insanlar arasında dostluq və mehribanlığı təşviq edir. Bu bayramda küsülülər barışır, insanlar bir-birilərini ziyarət edir.

Ulu Öndər Heydər Əliyev 21 mart 2000-ci ildə çıxışında bildirmişdir ki:  “Novruz dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”. Məhz buna görə də bu bayram Azərbaycan xalqına, onun zəngin irsinə çox yaraşır. Xalq olaraq bu bayramı, onun adət-ənənələrini daima yaşadırıq və yaşatmalıyıq.

Torpaqlarımız azad olunduqdan sonra isə müxtəlif illərdə ölkə başçısı cənab prezident İlham Əliyev Şuşa, Suqovuşan, Xankəndidə bayram təbrikləri səsləndirmiş- “bu gün biz qurub- yaradırıq”-sitatı ilə ölkəmizin inkişafını diqqət mərkəzinə çatdırmışdır.

Səkinə Əliyeva,
Maştağa qəsəbəsi, 128 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Oxşar Xəbərlər

Back to top button