Novruz bayramı özündə həm bəşəri, həm də milli-mənəvi dəyərləri ehtiva edən qədim ənənələrdən biridir

Novruz bayramı özündə həm bəşəri, həm də milli-mənəvi dəyərləri ehtiva edən qədim ənənələrdən biridir. Min illərdir ki, Novruz Azərbaycan xalqının həyatında mühüm yer tutur və onun mədəni kimliyinin ayrılmaz hissəsi hesab olunur. Bu bayramın mahiyyəti yalnız təbiətin yenilənməsi ilə məhdudlaşmır, eyni zamanda insanları barışa, birliyə və xeyirxahlığa səsləyir. Novruzun əsas dəyərlərindən biri yeni başlanğıc, saflaşma və yenilənmədir. Baharın gəlişi ilə insanlar yalnız təbiətin deyil, öz mənəviyyatlarının da təmizlənməsinə, kin və nifrətdən uzaqlaşmağa çalışırlar. Bu isə Novruzun dərin fəlsəfi mahiyyətini əks etdirir və onun bəşəriyyət üçün önəmini daha da artırır.
Artıq bir neçə ildir ki, xalqımız öz əziz bayramını işğaldan azad olunan ərazilərdə böyük sevgi və coşğu ilə qarşılayır, doğma Qarabağımızda, Şuşamızda bayram tonqalları alovlandırılır, yurd yerlərimiz öz əzəli sahibləri tərəfindən dirçəldirilir, bərpa olunur.Təbii ki, bu da hər birimizdə, hər bir Azərbaycan vətəndaşında yüksək fərəh hissi yaradır, qürürlandırır. Məhz Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti Rəşadətli Ordumuzun qəhrəmanlığı, şəhidlərimizin qanı-canı bahasına, başlıca olaraq xalqımızın yenilməz birliyi, dövlət başçımızın, qüdrətli rəhbərimizin ətrafında sıx birləşməyimizin nəticəsidir ki, 30 ildən sonra yenidən azad olunan ərazilərimizdə Novruz sevinci yaşanır, müstəqil, qüdrətli Azərbaycan tarixinin ən şanlı dövrünə qədəm qoyur. Necə deyərlər, Qalib yurda bahar gəlir. Bu günlər xalqımız Novruzu yeni sima və imic ilə, tamam fərqli ruhda, fərqli hisslərlə qeyd edir. Xüsusilə,Novruz bayramı günlərində ölkə prezidenti,cənab İlham Əliyevin qalib sərkərdə olaraq Şuşada Cıdır düzündə Novruz tonqalı yandırması fonunda bu zəfərin, qalibiyyətin hər dəfə möhtəşəm şəkildə şahidi oluruq.
Beləliklə “Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim” deyən, möhtərəm prezidentimiz cənab İlham Əliyev eyni zamanda Azərbaycan xalqının arzularını reallaşdıraraq xalqımızın qüdrətini, yenilməzliyini, müzəffərliyini bütün dünyaya nümayiş etdirir. Qoy bu bayram ölkəmizə sülh, əmin-amanlıq, süfrələrə ruzi, bərəkət, bolluq gətirsin. Yaz günəşinin şəfəqləri ocaqlarımızı qızdırsın. Yurdumuz əmin-aman, ocaqlarımız yanar, torpağımız bərəkətli olsun!
Səbinə Hüseynova,
YAP-ın fəalı