AnalitikaGündəmSiyasət

Ana dili xalqın mənəvi sərvətidir

Azərbaycan xalqının milli-mənəvi sərvətlərindən biri olan Azərbaycan dili əsrlər boyu xalqın yaddaşını, mədəniyyətini və kimliyini yaşadan əsas amillərdən biri olmuşdur. Bu dilin dövlət səviyyəsində tanınması isə tariximizin ən önəmli hadisələrindən biridir. 1978-ci il aprelin 27-də qəbul edilən Azərbaycan SSR-in yeni Konstitusiyası ilə Azərbaycan dili ilk dəfə olaraq rəsmi şəkildə dövlət dili statusunu qazandı. Bu tarixi hadisə məhz Ulu Öndər Heydər Əliyevin böyük siyasi iradəsi və uzaqgörənliyinin nəticəsi idi.

1970-ci illər SSRİ dövründə rus dili bütün respublikalarda ümumi ünsiyyət vasitəsi kimi təqdim olunur, yerli dillərin rolunun arxa plana keçirilməsi məqsədyönlü şəkildə aparılırdı. Belə bir zamanda milli dilin qorunması və hüquqi statusunun təmin olunması böyük siyasi cəsarət tələb edirdi. Məhz bu məqamda Heydər Əliyev xalqının milli dəyərlərinə, dilinə olan bağlılığını bir daha nümayiş etdirdi. Onun təşəbbüsü və qətiyyəti ilə Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə edildi.

Bu qərar Azərbaycan xalqının milli özünüdərkinin, mənəvi birliyinin və gələcək müstəqilliyinin əsasını təşkil edən mühüm addım idi. Azərbaycan dilinin hüquqi baxımdan dövlət dili kimi təsdiqi onun inkişafına, tədrisinə və geniş istifadəsinə yeni imkanlar yaratdı. Həmçinin, bu addım gələcəkdə 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında dilin dövlət dili kimi daha da möhkəmləndirilməsinə zəmin yaratdı.

Heydər Əliyevin bu təşəbbüsü təkcə dilə deyil, ümumilikdə milli kimliyə və mədəniyyətə olan yüksək ehtiramın təzahürü idi. Onun milli-mənəvi dəyərlərə bağlılığı və bu sahədə apardığı siyasət bu gün də xalq tərəfindən böyük hörmət və minnətdarlıqla yad edilir.

27 aprel 1978-ci il tarixində Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunması, Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən biri kimi Azərbaycan dövlətçiliyi tarixində qızıl hərflərlə yazılmışdır. Bu təşəbbüs milli oyanışın, dilə olan sevginin və milli şüurun yüksəlişinin simvoluna çevrilmişdir.

Sevinc Əliyeva,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button