
Azərbaycan xalqının tarixində dönüş nöqtəsi hesab olunan bir çox siyasi qərarlar və təşəbbüslər, məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu təşəbbüslərdən biri də Azərbaycan dilinin dövlət dili kimi hüquqi status qazanması məsələsidir. Bu, təkcə bir dilin deyil, bütövlükdə milli kimliyin, mənəvi müstəqilliyin və milli suverenliyin qorunması və möhkəmləndirilməsi istiqamətində atılan strateji addım idi. Sovet İttifaqı kimi mərkəzləşdirilmiş, milli xüsusiyyətləri nəzərə almayan bir imperiya sistemində Azərbaycan dilinə dövlət dili statusu verilməsi heç də asan məsələ deyildi. O dövrün siyasi reallıqları fonunda milli maraqları qoruyaraq belə bir təşəbbüs irəli sürmək və onun həyata keçməsinə nail olmaq yalnız böyük iradə sahibi, uzaqgörən liderin işi ola bilərdi. 27 aprel 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsinin əlavə edilməsi məhz Heydər Əliyevin prinsipial mövqeyinin və siyasi iradəsinin nəticəsi idi. Bu təşəbbüs sırf hüquqi sənəddə dilin qeyd olunmasından ibarət deyildi. Əslində bu, xalqın milli mənlik şüurunun formalaşması, dilin tədris və istifadəsindəki maneələrin aradan qaldırılması və gələcək nəsillərə öz ana dilində düşünmək və ifadə olunmaq imkanının təmin olunması üçün zəmin yaradırdı. Heydər Əliyev yaxşı anlayırdı ki, dil millətin ruhudur, kimliyidir və dövlətçilik düşüncəsinin əsas dayaqlarından biridir. 1978-ci ildə Konstitusiyaya bu maddənin salınması ilə Azərbaycan dili rəsmi status qazansa da, onun tam hüquqlu şəkildə dövlət dili kimi istifadə olunması üçün hələ də ciddi maneələr mövcud idi. Sovet senzurası, rus dilinin dominantlığı və yerli dillərə ikincil münasibət hələ də davam edirdi. Lakin bu tarixi addım gələcək müstəqilliyimizin ideoloji təməllərindən birinə çevrildi. Müstəqillik əldə edildikdən sonra, Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dili məsələsi yenidən prioritet mövzulardan birinə çevrildi. 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi bir daha təsbit olundu. Bu dəfə artıq heç bir ideoloji və ya inzibati təzyiq altında deyil, müstəqil xalqın iradəsi ilə. Bu həm də 1978-ci ildə atılan addımın məntiqi davamı idi. Heydər Əliyev həm də praktik səviyyədə dilin inkişafına xüsusi önəm verirdi. O, çıxışlarında daima Azərbaycan dilində danışır, rəsmi sənədlərin, tədris və mətbuatın bu dildə olmasına dəstək göstərirdi. Bu siyasət nəticəsində Azərbaycan dilinin nüfuzu artdı, onun elmi, texniki və siyasi terminologiyası zənginləşdirildi. Nəticə etibarilə demək olar ki, Azərbaycan dilinin bu günki rəsmi statusa və nüfuza malik olmasında Ümummilli Lider Heydər Əliyevin tarixi təşəbbüsü və müdrik siyasəti əvəzsiz rol oynamışdır. Bu, təkcə keçmişin deyil, həm də gələcəyin qarantı olan bir qərar idi. Çünki xalqın milli kimliyini qorumaq və inkişaf etdirmək, dövlətin dayanıqlığını təmin edən əsas sütunlardan biridir – bu sütunun adı isə ana dilimizdir.
İsmayıl Nağızadə,
Yeni Azərbaycan Partiyası, məsləhətçi