AnalitikaGündəmSiyasət

Azərbaycan xalqının milli kimliyinin və mədəni varlığının əsas sütunlarından biri onun ana dilidir

Azərbaycan xalqı əsrlər boyu zəngin mədəni irsi, ədəbi dili və milli kimliyi ilə formalaşmış bir xalqdır. Bu kimliyin və milli-mədəni bütövlüyün təməl sütunlarından biri, bəlkə də birincisi, Azərbaycan dilidir. Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı göstərilən təzyiqlərə baxmayaraq, xalqımız ana dilinə sədaqətlə sahib çıxmış, onun yaşaması və inkişafı uğrunda mübarizə aparmışdır.

1970-ci illərdə Sovet İttifaqında rus dilinin rəsmi dövlətlərarası ünsiyyət dili kimi irəli çəkildiyi, digər milli dillərin arxa plana keçirildiyi bir dövrdə Azərbaycan xalqının milli kimliyinin əsas daşıyıcısı olan ana dilimizin qorunub saxlanması ciddi təhlükə altında idi. Belə bir mürəkkəb və siyasi cəhətdən həssas bir zamanda Azərbaycan SSR-in rəhbəri, dahi dövlət xadimi Heydər Əliyev cəsarətli və strateji qərar qəbul etdi. Onun uzaqgörənliyi və milli maraqlara sadiqliyi nəticəsində 1978-ci il aprelin 27-də qəbul edilən yeni Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Bu, təkcə hüquqi sənəddə bir maddənin əlavə olunması deyildi – bu, milli qürurun, mədəniyyətə və kimliyə hörmətin bariz ifadəsi idi.

Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi qeyd olunması hadisəsi həmin dövrün siyasi reallıqları fonunda çox böyük və mühüm addım sayılırdı. Çünki sovet məkanında milli dillərin ikinci plana atıldığı, rus dilinin bütün sahələrə hakim kəsildiyi bir vaxtda Heydər Əliyevin belə bir təşəbbüslə çıxış etməsi və onun həyata keçməsi, əslində, milli iradənin ifadəsi, xalqına olan sevginin və inamın göstəricisi idi. Bu qərar həm də gələcək müstəqillik yolunda əvəzsiz rol oynadı. Dilimizin hüquqi status qazanması xalqda milli şüurun güclənməsinə, öz kimliyinə sahib çıxma hissinin dərinləşməsinə gətirib çıxardı.

Heydər Əliyev yaxşı bilirdi ki, dil xalqın ruhudur, varlığıdır. O, dəfələrlə çıxışlarında qeyd edirdi ki, milli dilini itirən xalq, milli kimliyini də itirər. Bu yanaşma onun dilə münasibətində də öz əksini tapırdı. Ulu Öndər Azərbaycan dilinin tədrisində, rəsmi yazışmalarda, dövlət idarəçiliyində geniş istifadəsini təşviq edir, ziyalıları, elm və təhsil işçilərini, ədibləri ana dilinin inkişafı naminə daha fəal olmağa səsləyirdi.

1978-ci il Konstitusiyası ilə başlayan bu dil siyasəti, Heydər Əliyevin rəhbərliyi ilə 1990-cı illərdə Azərbaycanın müstəqillik qazanmasından sonra daha da möhkəmləndi. Artıq müstəqil Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi birmənalı şəkildə qeyd olundu və bu status qanunvericiliklə əbədi olaraq təsbit edildi.

Ulu Öndər Heydər Əliyevin 1978-ci ildə atdığı bu addım təkcə o dövr üçün deyil, həm də gələcək nəsillər üçün bir miras oldu. Bu gün Azərbaycan dilinin regionda və dünyada tanınması, beynəlxalq tədbirlərdə istifadə olunması, müxtəlif sahələrdə rəqabətə davamlı olması məhz həmin tarixi qərarın nəticəsidir.

Heydər Əliyev dilə olan sevgisi və sadiqliyi ilə bir daha sübut etdi ki, xalqını sevən lider xalqının dilinə sahib çıxmağı bacarmalıdır. O, Azərbaycan xalqının yaddaşına dilimizin qoruyucusu və inkişaf etdiricisi kimi yazıldı.

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button