AnalitikaGündəmSiyasət

Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan dili Konstitusiyada dövlət dili statusu qazandı

Azərbaycan xalqının milli kimliyinin, mədəni irsinin və mənəvi dəyərlərinin ayrılmaz hissəsi olan Azərbaycan dili, Ulu Öndər Heydər Əliyevin uzaqgörən və milli ruhda apardığı siyasət nəticəsində dövlət səviyyəsində tanınaraq 27 aprel 1978-ci il tarixində qəbul edilmiş Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi təsbit olunmuşdur. Bu tarixi hadisə, ölkənin milli-mədəni inkişafında mühüm dönüş nöqtəsi kimi yadda qalmışdır. 1970–1980-ci illər Sovet İttifaqının sərt ideoloji nəzarət dövrü idi və bu şəraitdə milli dillərə olan münasibət birmənalı deyildi. İttifaq miqyasında rus dilinin üstünlüyü təşviq edilir, yerli dillərin isə arxa plana keçirilməsi üçün gizli və açıq təzyiqlər göstərilirdi. Belə bir mürəkkəb və həssas siyasi şəraitdə, Azərbaycan dilinin qorunması və inkişafı yolunda atılan hər addım cəsarət və prinsipial mövqe tələb edirdi. Heydər Əliyev 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçildikdən sonra ölkənin bütün sahələrində olduğu kimi, mədəniyyət və təhsil sahələrində də milli dəyərlərə önəm verilməsinin təməlini qoydu. Onun təşəbbüsü və siyasi iradəsi ilə Azərbaycan dilinə dövlət dili statusunun verilməsi məsələsi gündəmə gətirildi. Bu məsələ o dövr üçün son dərəcə mühüm və riskli addım olsa da, Ulu Öndərin qətiyyəti və nüfuzu nəticəsində 1978-ci il aprelin 27-də qəbul olunan yeni Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsində Azərbaycan dili dövlət dili kimi rəsmi şəkildə təsbit edildi. Bu qərar, sadəcə hüquqi sənəddəki bir dəyişiklik deyildi. O, xalqın milli kimliyinin qorunması, ana dilinin gələcək nəsillərə ötürülməsi və ictimai həyatda istifadəsinin genişlənməsi üçün möhkəm hüquqi zəmin yaratdı. Təhsil müəssisələrində, dövlət idarələrində və kütləvi informasiya vasitələrində Azərbaycan dilinin istifadəsi daha da genişləndi. Ulu Öndərin bu təşəbbüsü yalnız o dövr üçün deyil, həm də gələcək müstəqil Azərbaycan Respublikasının dövlət dilinin formalaşması və möhkəmlənməsi baxımından əvəzsiz əhəmiyyətə malikdir. 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyasında da Azərbaycan dili dövlət dili kimi bir daha təsdiq olundu və bu, Heydər Əliyevin ana dilimizə olan sarsılmaz sevgisinin və siyasi uzaqgörənliyinin təntənəsi oldu. 27 aprel 1978-ci il tarixi, Azərbaycan dili uğrunda mübarizənin mühüm mərhələsi kimi tarixə düşdü. Bu tarixi nailiyyətin memarı olan Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərə verdiyi böyük önəm və dil siyasəti bu gün də müasir Azərbaycanın uğurlu inkişafında öz bəhrəsini verir.

Orxan Abdullazadə,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button