AnalitikaGündəmSiyasət

Ulu Öndər dilə yalnız ünsiyyət vasitəsi kimi deyil, milli kimliyin, mənəvi dəyərlərin, mədəniyyətin daşıyıcısı kimi yanaşırdı

Azərbaycan dilinin inkişafında və qorunmasında Ulu Öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir. Onun təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan dili Konstitusiyada dövlət dili kimi təsbit edilmiş və bu addım ölkənin milli-mənəvi irsinin qorunması yolunda mühüm mərhələ olmuşdur.

Ulu Öndər dilə yalnız ünsiyyət vasitəsi kimi deyil, milli kimliyin, mənəvi dəyərlərin, mədəniyyətin daşıyıcısı kimi yanaşırdı. Onun rəhbərliyi dövründə Azərbaycan dilinin hüquqi statusu möhkəmləndirildi, təbliğatı genişləndirildi, istifadəsi bütün sahələrdə təşviq olundu. Heydər Əliyev milli-mənəvi dəyərlərin yaşadılması və gələcək nəsillərə ötürülməsində dilin əvəzsiz rolunu xüsusi vurğulayıb.

O, daim xalqı ana dilində danışmağa, ona sahib çıxmağa çağırmış, dövlət strukturlarında, təhsildə və informasiya vasitələrində Azərbaycan dilinin üstünlüyünü təmin etmişdir. Onun bu istiqamətdə atdığı addımlar nəticəsində Azərbaycan dili bu gün də müstəqil dövlətimizin əsas sütunlarından biri kimi yaşayır və inkişaf edir.

Fəaliyyəti dövründə Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirib. Çünki ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığının təsdiqidir. Dil millətin formalaşmasında vacib olan amillərdən biridir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, ilk növbədə, onun dilində öz əksini tapır. Dil, həm də, çətin tarixi-siyasi dövrlərdə millətin varlığını sürdürməsi üçün əsas vasitədir. Dilini itirən xalq məhvə məhkumdur. Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir və xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürməlidir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir

Azərbaycan dilini sevən, ona hörmətlə yanaşan Ümummilli lider Heydər Əliyev dilə münasibəti ilə hər kəsə örnək oldu. 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Ulu öndər bir çox ziyalıların cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərdi. O, həmçinin, rusdilli məktəblərdə Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər də vermişdi.

Bunlarla kifayətlənməyən Ulu öndər 1978-ci ildə tarixi bir uğura imza atdı. Belə ki, həmin ildə qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə olaraq, rus dili ilə yanaşı, Azərbaycan dili rəsmi dil statusu əldə etdi. Azərbaycan yerli dilin rəsmi dil statusuna malik olduğu azsaylı Sovet respublikalarından biri idi.

Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Latın qrafikasında kütləvi nəşrlərin meydana çıxması bunun parlaq göstəricisidir.  Təqdirəlayiq haldır ki, Ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Prezidenti cənab İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz dövlət başçısının təşəbbüsü ilə baş tutdu.

Məqaləmi  Ulu Öndər Heydər Əliyevin Azərbaycan dili haqqında dəyərli bir fikri ilə bitirmək istəyirəm:

“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir.”

Aytac Həsənova,
Maştağa qəsəbəsi, 187 №-li tam orta məktəbin psixoloqu

Oxşar Xəbərlər

Back to top button