
2025-ci il aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycan Respublikasına rəsmi səfəri və bu səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən yüksək səviyyəli görüşlər, regionun gələcək siyasi və iqtisadi mənzərəsinə ciddi təsir göstərə biləcək hadisə kimi qiymətləndirilməlidir. Prezidentlərin mətbuata verdiyi birgə bəyanat isə yalnız bu səfərin nəticəsi deyil, həm də iki dövlət arasında qarşılıqlı etimada əsaslanan yeni bir əməkdaşlıq platformasının əsasını qoyur. Azərbaycan Prezidenti İlham Əliyev bəyanatında xüsusi olaraq qeyd etdi ki, Azərbaycan və İran arasında münasibətlər tarixi köklərə, ortaq mədəni və dini dəyərlərə əsaslanır. Lakin bu münasibətlərin davamlı, sabit və perspektivli şəkildə inkişaf etməsi üçün siyasi iradə və qarşılıqlı hörmət vacib amillərdir.
Prezident İlham Əliyev çıxışında vurğuladı: “Biz münasibətlərimizin yeni mərhələyə qədəm qoyduğunu görürük. Hər iki tərəfin qarşılıqlı etimadı və dostluğu regionda sülhə, əməkdaşlığa və dayanıqlı inkişafa xidmət edəcək.” Bu fikirlər Azərbaycan tərəfinin regional əməkdaşlıqda fəal rol oynamaq əzmini, eyni zamanda İranla münasibətlərin möhkəmləndirilməsinə strateji yanaşmasını nümayiş etdirir. Prezident İlham Əliyev bəyanatında İranın Azərbaycanın ərazi bütövlüyünə göstərdiyi davamlı dəstəyə görə təşəkkürünü ifadə etdi. Bu dəstək xüsusilə 2020-ci il Vətən Müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar fonunda daha da əhəmiyyətlidir. Azərbaycanın suveren ərazilərində apardığı bərpa və quruculuq işlərinə İran şirkətlərinin cəlb olunması, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın göstəricisi kimi dəyərləndirilə bilər. Görüş zamanı müzakirə olunan əsas məsələlərdən biri də nəqliyyat və enerji sahəsində əməkdaşlığın genişləndirilməsi oldu. Zəngəzur dəhlizi layihəsinin əhəmiyyəti bir daha vurğulandı. İranın bu layihədə iştirakı, regionun inteqrasiyası və iqtisadi potensialının reallaşması baxımından ciddi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev bildirdi ki, Araz çayı boyunca reallaşdırılan infrastruktur layihələri yalnız iqtisadi deyil, həm də siyasi sabitlik üçün mühüm baza yaradır. Sərhəd bölgələrində iqtisadi əməkdaşlığın genişləndirilməsi, sərhədyanı bazarların və azad iqtisadi zonaların yaradılması kimi təşəbbüslər iki ölkə arasında iqtisadi münasibətlərin dərinləşdirilməsinə xidmət edir. Bu sahədə əldə olunmuş razılaşmalar, ticarətin həcminin artırılmasına və yeni investisiya imkanlarının yaranmasına imkan verəcək. Prezidentlərin birgə bəyanatında mədəni əlaqələrin və təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələsinə də xüsusi yer ayrıldı. İranla Azərbaycan arasında mövcud olan ortaq dini və tarixi irsin qorunması, mədəni mübadilə proqramlarının həyata keçirilməsi və gənclər arasında əlaqələrin gücləndirilməsi istiqamətində yeni layihələr nəzərdə tutulur. İlham Əliyevin bəyanatında regionda təhlükəsizliyin və sabitliyin qorunması üçün birgə fəaliyyətin vacibliyi vurğulandı. Prezidentin sözlərinə görə, Azərbaycan heç bir xarici gücün təsiri altında hərəkət etmir və qonşularla dostluğa əsaslanan müstəqil siyasət yürütməyə davam edir. Bu, Azərbaycanın xarici siyasətinin müstəqilliyini və prinsipiallığını əks etdirən vacib mesajdır. 28 aprel görüşü və Prezident İlham Əliyevin mətbuat qarşısında verdiyi bəyanat bir daha göstərdi ki, Azərbaycan–İran münasibətləri yalnız keçmişə deyil, gələcəyə də hesablanmışdır. Qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və ortaq maraqlar əsasında qurulan bu münasibətlər, təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün sabitliyin və inkişafın təminatçısına çevrilə bilər. Prezident İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyətli liderliyi sayəsində Azərbaycan bu gün regional güc mərkəzinə çevrilmişdir. İran Prezidenti Məsud Pezeşkianın bu səfəri və verilən bəyanat isə həmin gücün tanınması və əməkdaşlığa çevrilməsi baxımından mühüm siyasi hadisə kimi tarixə düşəcək.
Mirsadıq Səməndərli,
Yeni Azərbaycan Partiyası, məsləhətçi