AnalitikaGündəmSiyasət

Azərbaycan və Çin arasındakı əlaqələr, hər iki xalqın rifahını və beynəlxalq mövqeyini gücləndirəcək

2025-ci il aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin nüfuzlu beynəlxalq xəbər platformalarından biri olan CGTN (China Global Television Network) telekanalına geniş müsahibə verib. Bu müsahibə onun 22-24 aprel tarixlərində Çinə etdiyi rəsmi dövlət səfəri çərçivəsində baş tutub və Azərbaycan-Çin münasibətlərinin dinamik şəkildə inkişaf etməsinin bariz göstəricisinə çevrilib.

Dövlət başçısı bildirmişdir ki, Azərbaycan BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 30 illik işğala son qoyub və suverenliyini tam təmin edib. O, həmçinin beynəlxalq təşkilatların bu prosesdəki zəif və passiv mövqeyini də tənqid etmiş, Azərbaycanın öz gücünə arxalanaraq bu məqsədə çatdığını qeyd etmişdir. Azərbaycanın getdikcə daha çox öz daxili və xarici siyasətini milli maraqlar üzərində qurduğunu və beynəlxalq aləmdə öz sözünü deməyə qadir bir aktora çevrildiyini göstərir.  Prezident Cənab İlham Əliyev müsahibədə diqqət çəkdiyi əsas məsələlərdən biri də Azərbaycan və Çin arasında enerji və iqtisadi əməkdaşlıq olub. Xüsusilə bərpa olunan enerji sahəsində Çin şirkətləri ilə əməkdaşlıq perspektivləri müzakirə olunub. Prezident qeyd edib ki, Azərbaycan 2027-ci ilə qədər 2 QVt, 2030-cu ilə qədər isə 6 QVt gücündə bərpa olunan enerji istehsalını planlaşdırır. Bu məqsədlə Çin istehsalı olan günəş panelləri və batareyalar artıq layihələrdə istifadə olunur. Bu əməkdaşlıq həm Azərbaycanın yaşıl enerji keçidinə verdiyi əhəmiyyəti, həm də Çinlə texnoloji tərəfdaşlığın strateji xarakter daşıdığını göstərir. Bu kontekstdə “Made in China” texnologiyalarının dünya bazarında qiymət və keyfiyyət balansı baxımından üstünlüyü xüsusi vurğulanıb. Prezident Cənab İlham Əliyev Çinin irəli sürdüyü və qlobal iqtisadi inteqrasiyada mühüm rol oynayan “Bir Kəmər, Bir Yol” təşəbbüsünü də yüksək qiymətləndirib. O bildirib ki, bu təşəbbüs yalnız iqtisadi deyil, həm də mədəni və siyasi qarşılıqlı anlaşma üçün mühüm platformadır. Azərbaycan və Çin arasındakı əlaqələr, hər iki xalqın rifahını və beynəlxalq mövqeyini gücləndirəcək.

Prezident İlham Əliyev, Azərbaycanın yaşıl enerji sahəsində həyata keçirdiyi addımları və bu sahədə Çinlə əməkdaşlıq potensialını müzakirə edərkən, Çinin nümunəsinin Azərbaycan üçün ilham mənbəyi olduğunu bildirdi. Çin istehsalı olan günəş panelləri, Azərbaycanın yaşıl enerjiyə keçidində mühüm rol oynayır. Azərbaycan, 2030-cu ilə qədər 6,500 meqavat bərpaolunan enerji əldə edəcəyini və bu yolla təbii qazdan istifadənin azalacağına işarə etdi. Prezident İlham Əliyev, Çin ilə bu sahədə olan əlaqələrin daha da gücləndiriləcəyini qeyd etdi. Prezident həmçinin, Azərbaycan və Çin arasında vizasız rejim tətbiq edilməsinin müsbət təsirlərindən bəhs etdi. Çinin turistləri qəbul etmə qaydasında dəyişikliklər edilməsi və səyahət imkanlarının artırılması iki ölkə arasında əlaqələrin daha da inkişaf etməsinə şərait yaradır. Eyni zamanda, Prezident İlham Əliyev, gələcəkdə Azərbaycanlıların Çində təhsil almasının və iş imkanlarının artmasını istəyir və bu sahədə daha çox əməkdaşlığın vacib olduğunu vurğuladı. Söhbət zamanı çay mədəniyyəti də xüsusi yer tutdu. Prezident İlham Əliyev, Azərbaycan çayının unikal dadını təqdim edərək, həmçinin Çinin qonaqpərvərliyindən bəhs etdi. Prezident, hər iki ölkənin çay mədəniyyətinin oxşar olduğunu və bu cür mübadilələrin xalqlar arasında dostluğu daha da möhkəmləndirdiyini bildirdi. Ümumilikdə, Prezident İlham Əliyevin bu müsahibəsi, Azərbaycan və Çin arasındakı əlaqələrin gələcəyinə dair çoxsaylı imkanları və yeni perspektivləri ortaya qoyur. Strateji tərəfdaşlıqdan yaşıl enerji sahəsinə, iqtisadi əməkdaşlıqdan mədəniyyət və təhsil mübadilələrinə qədər bir çox sahədə iki ölkə arasında daha sıx əlaqələrin qurulması gözlənilir. Bu inkişaflar, hər iki xalqın rifahına və beynəlxalq arenada mövqelərinin güclənməsinə xidmət edəcəkdir.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button