
2025-ci il mayın 6-da Prezident İlham Əliyevin Vyetnamın dövlət informasiya agentliyi “Vietnam News Agency”yə verdiyi müsahibə, Azərbaycan–Vyetnam münasibətlərinin indiki vəziyyəti və gələcək inkişaf perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır. Bu müsahibə, mayın 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana planlaşdırılmış dövlət səfəri ərəfəsində baş tutmuşdur və iki ölkə arasında dostluğun və əməkdaşlığın dərinləşməsini bir daha nümayiş etdirmişdir.
Azərbaycan və Vyetnam arasında diplomatik münasibətlər 23 sentyabr 1992-ci ildə qurulmuşdur. İllər ərzində bu əlaqələr qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında inkişaf etmişdir. Müxtəlif səviyyəli rəsmi səfərlər və imzalanan sazişlər, bu münasibətlərin möhkəmləndirilməsinə xidmət etmişdir. Hazırda iki ölkə arasında diplomatik, siyasi, iqtisadi, mədəni və təhsil sahələrində əməkdaşlıq uğurla davam etdirilir.
Azərbaycanın müstəqillik əldə etməsindən sonra Vyetnamla münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. 2014-cü ildə Prezident İlham Əliyevin Hanoya dövlət səfəri, 2015-ci ildə isə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Bakıya səfəri münasibətlərdə dönüş nöqtəsi olub. Bu səfərlər nəticəsində siyasi dialoqla yanaşı, iqtisadi və enerji sahələrində də yeni əməkdaşlıq imkanları formalaşıb.
İki ölkə arasında siyasi dialoqla yanaşı, iqtisadi-ticarət əlaqələri də inkişaf edir. Neft-qaz sənayesi, təhsil, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlıq imkanları müzakirə olunmaqda və genişləndirilməkdədir. Azərbaycan ilə Vyetnam arasında imzalanmış bir sıra sənədlər əməkdaşlığın hüquqi bazasını möhkəmləndirir.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi