AnalitikaGündəmSiyasət

Şuşa şəhərində keçirilən Zirvə görüşü Azərbaycanın TDT-də artan rolunu və türk dövlətləri arasında birliyin rəmzi olaraq tarixə düşdü

2024-cü ilin iyul ayında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri Türk Dövlətləri Təşkilatının (TDT) tarixində mühüm bir hadisəyə şahidlik etdi. Burada təşkilatın dövlət başçılarının ilk qeyri-rəsmi Zirvə görüşü keçirildi. Şuşada baş tutan bu görüş təkcə diplomatik təqvimdə yeni bir səhifə açmadı, həm də türk dövlətləri arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın dərinləşməsində yeni mərhələnin əsasını qoydu. Şuşa Zirvəsinin keçirilməsi təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur. Azərbaycanın ev sahibliyi etdiyi bu görüş Prezident Əliyevin TDT daxilində liderlik rolunu və təşkilatın fəaliyyətinə verdiyi strateji əhəmiyyəti bir daha nümayiş etdirdi. Dövlət başçısı uzun illərdir türk dövlətləri arasında əlaqələrin genişlənməsinə, bu təşkilatın daha funksional və güclü bir platformaya çevrilməsinə xüsusi diqqət yetirir.

Prezident İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı Şuşanın türk dünyasının mədəni və tarixi məkanlarından biri olduğunu vurğulayaraq qeyd etdi ki, təşkilatın bu şəhərdə toplanması mənəvi baxımdan da xüsusi əhəmiyyət daşıyır. Bu görüş Azərbaycanın təşkilat daxilində statusunun və nüfuzunun daha da gücləndiyini göstərdi. Şuşa Zirvəsi türk dövlətləri arasında koordinasiyanın dərinləşdirilməsi və mövcud çağırışlara birgə cavab axtarışı baxımından önəmli platforma oldu. Görüşdə siyasi dialoqla yanaşı, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, investisiya təşəbbüsləri və mədəni-humanitar sahələrdə əməkdaşlığın yeni formatları müzakirə edildi. Zəngəzur dəhlizi kimi strateji nəqliyyat layihələri, TDT ölkələrinin bir-birinə daha sıx inteqrasiyasını təmin edəcək əsas istiqamətlərdən biri kimi gündəmdə yer aldı.

Bu baxımdan, Azərbaycanın coğrafi mövqeyi və nəqliyyat imkanları təşkilat daxilində regional bağlayıcı rolunu daha da gücləndirir. Qarabağın azad edilməsindən sonra Azərbaycanın yenidən qurduğu Şuşa şəhəri artıq təkcə milli qürur simvolu deyil, həm də beynəlxalq tədbirlərin keçirildiyi, regionda diplomatik dialoqun mərkəzinə çevrilən bir məkan kimi çıxış edir. Şuşada keçirilən Zirvə görüşü bu mövqeni daha da möhkəmləndirdi. Görüş çərçivəsində qəbul edilən sənədlər və aparılan müzakirələr, türk dövlətləri arasında həmrəylik ruhunun gücləndirilməsi, ortaq tarix və mədəniyyətin siyasi əməkdaşlığa çevrilməsi baxımından mühüm addım oldu. Şuşa Zirvəsi Türk Dövlətləri Təşkilatının gələcək inkişaf trayektoriyasına ciddi təsir göstərə biləcək görüşlərdən biri kimi tarixə düşdü. Azərbaycanın bu təşkilat daxilində artan nüfuzu, Prezident İlham Əliyevin siyasi iradəsi və strateji yanaşması sayəsində TDT artıq daha güclü, koordinasiyalı və perspektivli regional güc mərkəzinə çevrilməkdədir.

Bu prosesdə Şuşa kimi simvolik bir məkanın seçilməsi isə türk dünyasının birliyinə verilən mənəvi və siyasi dəyərin ən aydın ifadəsidir.

İslam Bafadarov,
Yeni Azərbaycan Partiyasının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button