
2025-ci il iyulun 2-də Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin Azərbaycan Respublikasına rəsmi səfəri iki ölkə arasında tarixi dostluq və strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində keçirilən görüşlər, imzalanmış sənədlər və dövlət başçılarının mətbuat üçün verdikləri bəyanatlar, Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlığın dərin və çoxşaxəli xarakter daşıdığını bir daha təsdiqlədi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuat qarşısında bəyanatla çıxış edərək, Prezident Şavkat Mirziyoyevin ölkəmizə rəsmi səfərini yüksək qiymətləndirdi. Dövlət başçısı qeyd etdi ki, bu səfər iki xalq arasında əsrlərə söykənən qardaşlıq münasibətlərinin müasir mərhələdə strateji müstəviyə keçdiyinin göstəricisidir.
Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər qarşılıqlı hörmət, bərabərlik və suverenliyə dəstək prinsiplərinə əsaslanır. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT, İƏT, TÜRKSOY və xüsusilə Türk Dövlətləri Təşkilatı daxilində sıx əməkdaşlıq edir. Dövlət başçısı qeyd etdi ki, Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim və açıq şəkildə dəstəkləmişdir və bu mövqeyə görə Azərbaycan dövləti və xalqı Prezident Mirziyoyevi və qardaş özbək xalqını yüksək qiymətləndirir.
Prezident İlham Əliyev bəyanatında iqtisadi əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini vurğuladı. Son illərdə ticarət dövriyyəsində nəzərəçarpacaq artım müşahidə olunur. Azərbaycan və Özbəkistan arasında sənaye, kənd təsərrüfatı, investisiya, nəqliyyat və enerji sahələrində yeni layihələrə start verilməsi planlaşdırılır. Qeyd edək ki, Özbəkistanın Azərbaycanda sənaye zonalarında qurduğu müəssisələr, Azərbaycanda özbək məhsullarının istehsalı və ixracı ilə bağlı təşəbbüslər bu əməkdaşlığın praktiki təzahürləridir. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən ortaq mədəniyyət, tarix və mənəvi dəyərlər, humanitar sahədə əməkdaşlığın əsasını təşkil edir. Hər iki ölkədə təşkil olunan mədəniyyət günləri, tələbə mübadilələri, elm və təhsil sahəsində qurulan tərəfdaşlıqlar bu əlaqələrin zənginliyini nümayiş etdirir.
Prezident İlham Əliyev öz bəyanatında bildirdi ki, Azərbaycan–Özbəkistan münasibətləri zamanın sınağından çıxmış, güclü təməllərə söykənən və gələcək inkişaf üçün geniş imkanlar yaradan bir əməkdaşlıq modelidir. Dövlət başçısı vurğuladı ki, bu əlaqələrin mərkəzində xalqların dostluğu və liderlər arasındakı sarsılmaz etimad dayanır.
Onu da qeyd edək ki, Prezident Şavkat Mirziyoyevin 2025-ci il iyulun 2-də Azərbaycana etdiyi rəsmi səfər və Prezident İlham Əliyevin mətbuat qarşısında verdiyi bəyanat, iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdiyini və çoxşaxəli əməkdaşlığın qarşıdakı illərdə daha da güclənəcəyini açıq şəkildə göstərdi. Bu səfər, sadəcə diplomatik deyil, həm də dostluq və qardaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoymasının bariz nümunəsi oldu.
Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi.