
Məlum olduğu kimi, iyulun 4-də Azərbaycan qədim torpağı Qarabağda, Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Görüşü keçirilib. Heç şübhəsiz ki, bu beynəlxalq tədbir Azərbaycanın təşəbbüsü ilə təşkil olunub və regionda yeni mərhələnin başlanğıcını simvolizə edib. Bu tədbir həmçinin, təkcə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi baxımından deyil, həm də Qarabağın beynəlxalq platformalarda təmsilçiliyi və inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Görüşün Xankəndidə keçirilməsi ilk dəfə olaraq Qarabağda bu səviyyədə beynəlxalq tədbirin təşkili kimi tarixə düşüb. Azərbaycan Prezidentinin açılış nitqində vurğuladığı kimi, “Xankəndidə bu zirvənin keçirilməsi, Azərbaycanın suverenliyinin və regionda sülhün bərqərar olunmasının simvolik təntənəsidir”.
Onu da qeyd etmək yerinə düşər ki, Zirvə görüşünün Xankəndidə keçirilməsi təkcə diplomatik deyil, həm də psixoloji bir mesaj idi. Qarabağda aparılan bərpa və yenidənqurma işlərinin nəticəsi olaraq inşa edilmiş yeni “Konqres Mərkəzi” tədbirin mərkəzi məkanı oldu. Bu, Azərbaycanın post-münaqişə dövründə beynəlxalq əməkdaşlıq platformasına çevrilmək istədiyinin bariz nümunəsidir.
Ümumiyyərtlə, Zirvə görüşündə İƏT-ə üzv olan 13 ölkənin dövlət və hökumət başçıları iştirak edib. Tədbirə qatılan liderlər sırasında Türkiyə, Özbəkistan, Qırğızıstan, Tacikistan, İran, Pakistan və digər ölkələrin yüksək səviyyəli nümayəndə heyətləri olub.
Zirvənin əsas gündəmini iqlim dəyişikliyi ilə mübarizə, yaşıl enerji keçidi, regionda nəqliyyat dəhlizlərinin inkişafı, iqtisadi əlaqələrin genişləndirilməsi və rəqəmsal transformasiya məsələləri təşkil edib. Müzakirələr zamanı üzv dövlətlər arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və qarşılıqlı sərmayələrin təşviqi kimi mühüm məsələlərə diqqət yetirilib.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edərək Xankəndidə bu səviyyədə beynəlxalq görüşün keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O, post-münaqişə dövründə Qarabağ bölgəsində həyata keçirilən yenidənqurma işləri barədə məlumat verib, Azərbaycanın regionda sülh və inkişaf gündəliyini dəstəklədiyini vurğulayıb.
Əlvə edək ki, Zirvə görüşü çərçivəsində Şuşa, Laçın və Ağdam şəhərlərində əlavə tədbirlər keçirilib, qadınlar, gənclər və sahibkarlar forumları vasitəsilə əməkdaşlıq formatları müzakirə olunub. Bu isə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində quruculuq və beynəlxalq inteqrasiya səylərinin davam etdiyini göstərib.
Bir sözlə, Zirvə görüşü təkcə İƏT çərçivəsində əməkdaşlığın yeni mərhələyə qədəm qoyması baxımından deyil, həm də regionun sülh, sabitlik və tərəfdaşlıq məkanı kimi təqdim olunması baxımından mühüm hadisə kimi qiymətləndirilir. Xankəndidə keçirilmiş Zirvə görüşü bir daha göstərdi ki, Azərbaycan təkcə iqtisadi və siyasi sabitlik deyil, həm də regional əməkdaşlıq üçün etibarlı tərəfdaş rolunu oynayır. Bu tədbir həm də Qarabağın beynəlxalq aləmə açılması və Azərbaycanın diplomatik gücünün artması baxımından mühüm dönüş nöqtəsidir.
Vaqif Vəlibəyli,
YAP Nizami rayon təşkilatının könüllüsü