
Azərbaycanda hər il 22 iyul Milli Mətbuat Günü kimi qeyd olunur. Bu tarix Azərbaycan mətbuatının ən qədim nümunəsi olan “Əkinçi” qəzetinin nəşrə başlaması ilə (1875-ci il) bağlıdır. Bu gün mətbuatın azadlığını, jurnalistlərin fədakarlığını və milli mədəniyyətin inkişafında mətbuatın rolunu qiymətləndirmək üçün münasib bir fürsətdir.
Azərbaycan mətbuatı informasiya təhlükəsizliyi məsələlərində strateji mövqe tutur. 2025-ci ildə Azərbaycan milli mətbuatının 150 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması bu sahəyə verilən dəyərin göstəricisidir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu əlamətdar tarix münasibətilə yubiley medalı təsis edilmiş, media əməkdaşları müxtəlif mükafatlarla təltif olunmuşdur. Eyni zamanda Şuşada keçirilən Qlobal Media Forumu Azərbaycanın informasiya siyasətində beynəlxalq platformaya çevrildiyini nümayiş etdirdi. Azərbaycan media təcrübəsi artıq regional deyil, qlobal miqyasda maraq doğuran nümunədir.
Milli mətbuatın əsası “Əkinçi” ilə qoyulsa da, bu gün Azərbaycan mətbuatı artıq güclü peşəkar potensiala, müasir texnoloji imkanlara və beynəlxalq inteqrasiya imkanlarına sahib bir sektora çevrilmişdir. Keçilən bu şərəfli və çətin yolda dövlətin dəstəyi, ictimaiyyətin inamı və jurnalistlərin fədakar əməyi sayəsində milli mətbuat həm milli şüurun formalaşmasında, həm də cəmiyyətin maarifləndirilməsində önəmli rol oynamağa davam edir.
Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır. Lakin dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir. Eyni zamanda, media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi