AnalitikaGündəmSiyasət

20 sentyabr – Dövlət Suverenliyi Günü xalqımızın mübarizə, zəfər və iradə tarixini simvolizə edir

20 sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycanın müasir dövlətçilik tarixində xüsusi yeri olan əlamətdar gündür. Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini qurmaq və inkişaf etdirmək ən böyük nailiyyətdir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi ağır sınaqlara, işğala və məhrumiyyətlərə baxmayaraq, Azərbaycan xalqının müstəqillik və dövlətçilik arzusu heç vaxt sönməmişdir.

Bu gün xalqımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyü və suverenliyinə sahibdir və bu, xalqımızın ən böyük milli sərvəti kimi dəyərləndirilir. 2023-cü ilin sentyabrında bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların silahlı birləşmələri zərərsizləşdirildi, Azərbaycanın Qarabağ bölgəsində dövlət suverenliyi tam bərpa olundu.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan beynəlxalq hüququn aliliyini təmin edərək öz gücünü bir daha nümayiş etdirdi. Dövlət suverenliyi anlayışı təkcə siyasi müstəqillik deyil, həm də iqtisadi, hüquqi və sosial azadlıqların təmin olunması deməkdir. Suveren dövlət öz daxili və xarici siyasətində tam müstəqil, başqa dövlətlərdən asılı olmayan, daimi əhaliyə və müəyyən əraziyə sahib, ali hakimiyyəti təmsil edən qurumdur.

Bu baxımdan Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsi tarixi nailiyyət idisə, 2020-ci il 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatı dövlətimizin suverenliyini faktiki olaraq tam təmin etdi. Ermənistanın 30 ildən artıq davam edən işğalı beynəlxalq hüququn bütün normalarına zidd idi. Bu müddət ərzində Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirdi, kənd və şəhərlərimizi viran qoydu, dini-mədəni abidələrimizi dağıtdı, Xocalı soyqırımı kimi dəhşətli cinayətlər törətdi.

BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, Ermənistan işğala son qoymadı, danışıqlar isə nəticəsiz qaldı. Lakin Azərbaycan xalqı öz haqq işindən dönmədi və nəhayət, tarixi ədalət təmin edildi. 2020-ci il sentyabrın 27-də başlanan II Qarabağ müharibəsi 44 gün davam etdi və Azərbaycan Ordusunun şanlı Zəfəri ilə başa çatdı.

Müharibə nəticəsində işğal altındakı torpaqlarımızın böyük hissəsi azad edildi, Kəlbəcər, Laçın və Ağdam rayonlarında yerləşən erməni silahlı birləşmələri isə 2020-ci ilin sonuna qədər bölgəni tərk etdilər. Bu qələbə ilə Azərbaycan beynəlxalq hüququn tələblərini özü yerinə yetirmiş oldu.

Müharibədən sonra da separatçı rejim sülhə yanaşmadı və Qarabağda qeyri-qanuni fəaliyyətini davam etdirdi. Lakin Azərbaycan dövlətinin qətiyyətli addımı nəticəsində 2023-cü il aprelin 23-də Laçın yolunun başlanğıcında Həkəri çayı üzərində nəzarət-buraxılış məntəqəsi yaradıldı. Bu mühüm addım dövlətin ərazi bütövlüyünün tam təmin edilməsi istiqamətində növbəti tarixi nailiyyət oldu.

Nəhayət, 2023-cü ilin sentyabrında başlanan antiterror tədbirləri ilə Azərbaycanın konstitusiya quruluşu tam bərpa edildi, qondarma rejim özünü buraxdığını elan etdi və dövlət suverenliyi bütün ərazilərimizdə təmin olundu.

Bu hadisələrin məntiqi nəticəsi olaraq 2024-cü il 19 sentyabr tarixində Prezident İlham Əliyev “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzaladı. Həmin Sərəncama əsasən, hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi qeyd olunur.

Bu qərar Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsindən başlayaraq 2020-ci ildəki Qələbəyə və 2023-cü ildəki əməliyyatlara qədər uzanan yolun kulminasiya nöqtəsi hesab edilir. Dövlət suverenliyinin təntənəsi xalqımızın onilliklər boyu davam edən mübarizəsinin nəticəsidir.

Müstəqil dövlətin gücü onun hüquqi-siyasi əsasları ilə yanaşı, xalqın milli kimliyini qorumaq bacarığında da özünü göstərir. Bu baxımdan Prezidentin 2024-cü ilin sonunda imzaladığı Sərəncamla 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması da təsadüfi deyil. Çünki konstitusiya dövlətin hüquqi dayağıdır, suverenlik isə onun varlığını, toxunulmazlığını və müstəqilliyini təmin edən ən ali dəyərdir.

Azərbaycanın bu gün bütün sərhədlərində hakimiyyətini bərpa etməsi, daxili sabitliyin möhkəmlənməsi, iqtisadi inkişaf tempinin yüksəlməsi xalqın öz dövlətinə güvənini artırır. Dövlət suverenliyi yalnız siyasi və hərbi uğur deyil, həm də gələcək inkişafın təminatıdır.

Azərbaycan xalqı bu gün tam suverenlik şəraitində yeni yüksəliş dövrünə qədəm qoyub, beynəlxalq aləmdə öz sözünü deyən güclü dövlət kimi mövqeyini möhkəmləndirməkdədir.

20 sentyabr – Dövlət Suverenliyi Günü xalqımızın mübarizə, zəfər və iradə tarixini simvolizə edir və gələcək nəsillərə müstəqilliyin qorunmasının müqəddəs borc olduğunu xatırladır.

Sahil Əliyev,
Yeni Azərbaycan Partiyası məsləhətçi

Oxşar Xəbərlər

Back to top button