AnalitikaGündəmSiyasət

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Günü – Zəfərin və qayıdışın rəmzi

Azərbaycan artıq ikinci ildir ki, 20 Sentyabr tarixini – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edir. Prezident İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixli Sərəncamı ilə təsis olunan bu gün 30 illik həsrətin, minlərlə şəhidin qanı bahasına qazanılan böyük Zəfərin təntənəsidir.

2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin bu dörd şəhərdə üçrəngli bayrağımızı ucaltdığı an tarixə əbədi həkk olundu. Dövlət başçısı çıxışında bildirmişdi: “Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılacaq. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və nəhayət, bu gün gəldi.”

Bu tarixi addımdan sonra Qarabağda yeni mərhələ başlandı. Qarabağ Universitetinin yaradılması, Ağdərə rayonunun təsis olunması, Xankəndidə “Qarabağ” futbol klubunun rəsmi oyununun keçirilməsi, ard-arda açılışlar və infrastruktur layihələri – bütün bunlar dövlətimizin iradəsinin nəticəsidir.
Prezident İlham Əliyevin azad olunmuş ərazilərə müntəzəm səfərləri – Xankəndidə Konqres Mərkəzinin açılışı, Xocalıda Soyqırımı Memorialının təməlinin qoyulması, Xocavənddə yeni yaşayış məhəllələrinin salınması, Ağdərədə Suqovuşan məscidinin açılışı – xalqımıza bir daha göstərdi ki, dövlətimiz bu torpaqlara əbədi sahibdir.

20 Sentyabr artıq milli qürurumuzun rəmzidir. Bu gün hər il ölkəmizdə qeyd olunaraq gələcək nəsillərə ötürüləcək.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button