
2023-cü ilin 19 sentyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal antiterror tədbirləri dövlətimizin ərazi bütövlüyünün tam təmin edilməsində həlledici mərhələ oldu. Yalnız bir gün ərzində aparılan yüksək peşəkarlıqla əməliyyat nəticəsində qondarma rejimin bütün silahlı dəstələri tərk-silah edildi və bölgədə qanunsuz hərbi birləşmələrə son qoyuldu.
Əməliyyat beynəlxalq hüquqa tam uyğun idi – məqsəd yalnız Azərbaycan ərazisində mövcud olan terrorçu silahlı qrupları zərərsizləşdirmək idi. Qısa zamanda Qarabağdakı separatçıların kapitulyasiyası Azərbaycanın hərbi-siyasi gücünü bir daha göstərdi.
Bu əməliyyat həm də regionda dayanıqlı sülhün bərqərar olunması üçün yeni imkanlar açdı. Artıq Qarabağda yalnız Azərbaycan qanunları işləyir, dövlət idarəçiliyi tam bərpa olunub.
Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan lokal antiterror tədbirləri tarixə qısa müddətdə uğurla nəticələnmiş, qansız sülhə yol açan əməliyyat kimi düşdü. Bu, dövlətin gücünün, ordunun peşəkarlığının və xalqın milli birliyinin təntənəsi idi.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi