
Qubadlının işğaldan azad edilməsi Azərbaycan tarixinin ən önəmli hadisələrindən biridir. 25 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu Qubadlını azad etməklə Vətən müharibəsində mühüm strateji uğura imza atdı. Bu hadisə təkcə torpaqlarımızın azadlığı deyil, həm də Qubadlının gələcək inkişafının, yenidən qurulmasının başlanğıcı oldu. Bugün Qubadlıda həyata keçirilən mühüm infrastruktur layihələri həmin tarixi qələbənin məntiqi davamı, yenidən doğulan bir şəhərin simvoludur.
Qubadlı işğaldan azad edildikdən sonra burada həyatın bərpası istiqamətində genişmiqyaslı işlərə start verildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanmış Qubadlı rayonunun Baş planı bölgənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir. Bu plan Qubadlını müasir, ekoloji baxımdan təmiz, ağıllı şəhər modelinə çevirməyi hədəfləyir. Artıq bölgədə enerji, yol, rabitə və su təchizatı kimi əsas infrastruktur layihələri həyata keçirilməkdədir.
İlk növbədə Qubadlını ölkənin digər bölgələri ilə birləşdirən Zəngilan–Qubadlı–Laçın avtomobil yolu tikilir. Bu yol strateji baxımdan mühüm əhəmiyyətə malik olmaqla yanaşı, həm də iqtisadi əlaqələrin genişlənməsinə xidmət edir. Paralel olaraq, Həkəri çayı üzərində körpülər, elektrik yarımstansiyaları, yeni yaşayış massivləri və su xətləri çəkilir. Bu layihələr Qubadlının həyatına yeni nəfəs gətirir.
Qubadlıda həyata keçirilən infrastruktur işləri təkcə bərpa deyil, həm də yenidənqurma xarakteri daşıyır. Rayonun enerji təchizatı sistemi “yaşıl enerji” prinsiplərinə əsaslanır. Günəş və külək enerjisindən istifadəni nəzərdə tutan layihələr Qubadlını gələcəkdə bərpa olunan enerji zonası kimi formalaşdıracaq. Bu isə həm iqtisadi, həm də ekoloji baxımdan mühüm addımdır.
Qubadlıda inşa edilən ağıllı kənd layihələri də xüsusi qeyd olunmalıdır. Bu layihələr çərçivəsində müasir kommunikasiya sistemləri, rəqəmsal idarəetmə texnologiyaları və ekoloji təmiz enerji mənbələri tətbiq olunur. Məqsəd yalnız binaları deyil, həm də insanların həyat tərzini yeniləmək, müasir standartlara cavab verən yaşayış mühiti yaratmaqdır.
Bütün bu işlər bir daha göstərir ki, Qubadlıya öz sahibləri qayıdıb. Artıq illərlə didərgin düşmüş qubadlılılar doğma torpaqlarına dönmək ümidi ilə yaşayır və bu layihələr onların qayıdışını gerçəkləşdirəcək. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın azad edilmiş ərazilərə səfərləri, Qubadlıda təməlqoyma mərasimlərində iştirakı dövlətin bu bölgəyə verdiyi yüksək önəmin göstəricisidir.
Qubadlıda aparılan infrastruktur layihələri yalnız tikinti deyil, həm də dirçəlişin, ümidin və gələcəyə inamın rəmzidir. Burada qurulan hər bir yol, hər bir ev, hər bir məktəb şəhidlərimizin qanı bahasına əldə edilən azadlığın bəhrəsidir.
Bu gün 25 oktyabr – Qubadlı şəhəri günü qeyd edilərkən, xalqımız həm azadlığın sevincini, həm də quruculuğun qürurunu yaşayır. Qubadlının infrastruktur inkişafı Azərbaycanın qüdrətini, dövlət siyasətinin uzaqgörənliyini və xalqın birliyini əks etdirir.
Sevinc Qəhrəmanova
Yeni Azərbaycan Partiyası, məsləhətçi



