Azərbaycan elmi AMEA-nın 80 illik yubileyini böyük qürurla qeyd etdi

3 noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə geniş tədbir keçirildi. Tədbir elm ictimaiyyəti, dövlət qurumlarının nümayəndələri və gənc tədqiqatçıların iştirakı ilə baş tutdu. Yubiley tədbiri ölkənin elmi inkişaf yolunun tarixi qazanımlarını nümayiş etdirdi və gələcək üçün strateji istiqamətləri müəyyənləşdirdi. Azərbaycan elmi sisteminin formalaşmasında mühüm rol oynamış AMEA, 80 illik fəaliyyəti boyunca fundamental və tətbiqi elmlər sahəsində dəyərli araşdırmalar aparıb, ölkənin intellektual potensialının inkişafına mühüm töhfə verib. Akademiya müxtəlif sahələrdə – humanitar elmlərdən tutmuş texniki və təbii elmlərə qədər – elmi məktəblərin yaranmasında, elmi kadrların yetişdirilməsində və beynəlxalq əməkdaşlıqların qurulmasında aparıcı rol oynayıb. Tədbir çərçivəsində vurğulandı ki, müasir dövrdə elmi fəaliyyət yeni çağırışlarla üzləşir və Azərbaycan bu çağırışlara çevik reaksiya göstərməkdə qərarlıdır. Elmi tədqiqatların iqtisadiyyatın real sektoruna inteqrasiyası, innovasiya yönlü yanaşmaların genişləndirilməsi, yüksək texnologiyaların tətbiqi və strateji elmi sahələrin dəstəklənməsi ölkənin elmi siyasətinin əsas istiqamətlərindəndir. Bu istiqamətlərin inkişafı ölkənin iqtisadi modernləşmə kursuna uyğun şəkildə müəyyənləşdirilir. Tədbirdə elmi potensialın gələcək inkişafının əsas dayağı kimi gənc tədqiqatçıların rolu xüsusi vurğulandı. Gənc alimlərin elmi araşdırmalara cəlbi, beynəlxalq təcrübə proqramlarının genişləndirilməsi və elmi mühitdə motivasiya mexanizmlərinin gücləndirilməsi prioritet istiqamətlər kimi qeyd olundu. Bu yanaşma Azərbaycan elminin davamlı inkişafını təmin etməyi və yeni ideyaların formalaşmasına şərait yaratmağı hədəfləyir. Yubiley tədbirində Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması prosesində elmin və texnologiyanın rolu da diqqət mərkəzində idi. “Ağıllı şəhər” və “yaşıl enerji zonası” konsepsiyalarının tətbiqi, regionda müasir infrastrukturun formalaşdırılması elmi tədqiqat və innovasiya layihələri üçün geniş imkanlar açır. Bu yanaşma Qarabağ bölgəsini ölkənin elmi və texnoloji inkişaf xəritəsinin mühüm hissəsinə çevirir. Tədbirdə elmi fəaliyyətin maliyyələşdirilməsi, elmi institutların modernləşdirilməsi, qrantların genişləndirilməsi və akademiklərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən və nəzərdə tutulan tədbirlər diqqətə çatdırıldı. Azərbaycan elminə davamlı dövlət dəstəyi gələcək illərdə bu sahənin daha rəqabətqabiliyyətli və beynəlxalq miqyasda görünən olmasını hədəfləyir.
Orxan Abdullazadə,
Yeni Azərbaycan Partiyası, məsləhətçi



