
Azərbaycan xalqının milli kimliyini, müstəqilliyini və dövlətçilik ənənələrini təcəssüm etdirən ən müqəddəs simvollardan biri Dövlət Bayrağımızdır. Hər il noyabrın 9-da qeyd edilən Dövlət Bayrağı Günü xalqımızın azadlıq və suverenlik yolundakı mübarizəsinin, milli birliyinin və dövlətçiliyinə sədaqətinin təntənəsidir.
Azərbaycan Respublikasının Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının qərarı ilə təsdiq edilib. Üçrəngli bayrağımızın mavi, qırmızı və yaşıl rəngləri Azərbaycan xalqının türk mənşəyini, müasirlik və tərəqqi ideyalarını, həmçinin islam sivilizasiyasına mənsubiyyətini ifadə edir. Bayrağın üzərindəki səkkizguşəli ulduz və aypara isə milli-mədəni dəyərlərimizin, müstəqilliyimizin və dövlətçilik ənənələrimizin simvoludur.
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilib. 1991-ci ildə isə Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edildikdən sonra üçrəngli bayrağımız yenidən Dövlət Bayrağı kimi qəbul olunub və ölkəmizin üzərində əbədi dalğalanmağa başlayıb. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyevin sərəncamı ilə 9 noyabr tarixi Dövlət Bayrağı Günü elan edilib. Bu qərar müasir Azərbaycan dövlətçiliyinin əsas ideya sütunlarından biri olan milli atributlara dərin hörmətin bariz nümunəsidir.
Bu gün Dövlət Bayrağı yalnız bir simvol deyil, həm də Azərbaycan xalqının azadlıq, birlik və müstəqillik uğrunda mübarizəsinin rəmzidir. O, dünyanın hər yerində yaşayan azərbaycanlıların qürur mənbəyidir və hər bir vətəndaş üçün müqəddəs dəyər daşıyır. Bayrağımız azad Qarabağ torpaqlarında, Şuşada, Zəngilanda, Cəbrayılda, Laçında və digər bölgələrdə ucaldıqca xalqımızın qüruru və vətən sevgisi daha da artır.
Dövlət Bayrağı Günü ölkəmizin bütün bölgələrində geniş qeyd olunur, məktəblərdə, ali təhsil müəssisələrində, dövlət və ictimai təşkilatlarda vətənpərvərlik ruhunda tədbirlər keçirilir. Bu gün hər bir azərbaycanlı üçün dövlət rəmzlərinə hörmət, milli-mənəvi dəyərlərə sədaqət və Vətənə bağlılıq bayramıdır.
Həsənova Səbinə,
YAP-ın fəalı



