GündəmMədəniyyət

Prezident Kitabxanası “Konstitusiya və Suverenliyin Zəfəri” elektron informasiya resursunu üç dildə təqdim edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib. Sərəncamda vurğulanır ki, Konstitusiyanın bəyan etdiyi əsas məqsədlərdən biri olan dövlətimizin ərazi bütövlüyü və suverenliyinin tam bərpası artıq təmin olunub. 2025-ci ilin Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30-cu, həmçinin Vətən müharibəsində Zəfərimizin 5-ci ildönümünə təsadüf etməsi bu ili dövlətçilik tariximizdə xüsusi mərhələyə çevirir.

Bu kontekstdə Prezident Kitabxanası “Konstitusiya və Suverenlik İli” çərçivəsində öz töhfəsini vermək məqsədilə ötən ilin sonlarından “Konstitusiya və Suverenliyin Zəfəri” adlı yeni elektron informasiya resursunun hazırlanmasına başlayıb və layihəni Azərbaycan, ingilis və rus dillərində tamamlayaraq ictimaiyyətin istifadəsinə təqdim edib.

Kitabxanadan İnfososium.az-a bildirilib ki, resurs tədqiqatçılar, eləcə də müasir siyasi-tarixi proseslərlə maraqlanan geniş oxucu auditoriyası üçün etibarlı, sistemləşdirilmiş və əlçatan mənbə kimi nəzərdə tutulub.

Prezident Kitabxanasının hazırladığı “Konstitusiya və Suverenliyin Zəfəri” elektron informasiya resursu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə həyata keçirdiyi fəaliyyətini sistemli şəkildə və xronoloji ardıcıllıqla əks etdirir. Resursda toplanmış rəsmi sənədlər və informasiya materialları bir neçə etibarlı mənbədən seçilərək vahid elektron platformada cəmlənmişdir. Layihənin əsas məqsədi Prezident İlham Əliyevin 27 sentyabr 2020-ci ildən 20 sentyabr 2023-cü ilədək Zəfər tariximizin formalaşmasında və suverenliyimizin tam təmin edilməsində gördüyü işləri və atdığı addımları, habelə onun daxili və xarici siyasətdə verdiyi qərarları geniş ictimaiyyətə dolğun, ardıcıl və sistemli informasiya şəklində təqdim etməkdir.

İnformasiya resursunun strukturu hadisələrin gedişinə və məzmununa uyğun olaraq üç əsas dövr üzrə qurulub: “İşğala son qoyulması” (26 sentyabr 2020 – 11 dekabr 2022), “Ərazi bütövlüyümüzün bərpası” (12 dekabr 2022 – 18 sentyabr 2023), “Suverenliyimizin tam təmin edilməsi” (19–20 sentyabr 2023 – 12 iyun 2024).

Hər bir dövrə aid materiallar zaman ardıcıllığı baxımından 9 alt bölmədə təqdim olunur və hər bölmə üçün ayrıca “Xülasə” hazırlanıb. Bu struktur istifadəçilərə həm ümumi tarixi mənzərəni izləmək, həm də konkret tarix və hadisələr üzrə dəqiq məlumat əldə etmək imkanı verir, resursu tədqiqat, tədris və maarifləndirmə baxımından funksional və praktik bir alətə çevirir.

Oxşar Xəbərlər

Back to top button