AnalitikaGündəmİdman

2025 Uğurlarla dolu idman ili oldu

Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışını dinləyərkən bir daha anladım ki, idman sadəcə yarış və medal deyil — bu, Azərbaycanın bu gününü və gələcəyini birləşdirən böyük bir məktəbdir. Prezidentin vurğuladığı hər fikir, əslində, son illərdə idman sahəsində görülən böyük işlərin məntiqi davamı idi.

2025-ci il Azərbaycan idmançıları üçün uğurlu oldu. Beynəlxalq arenalarda qazandığımız medallar təkcə idmançılarımızın zəhmətinin deyil, həm də ölkədə yaradılan şəraitin nəticəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, inşa olunan idman kompleksləri, həyata keçirilən proqramlar və gənclərə verilən dəstək bu nailiyyətlərin əsasını təşkil edir. Mənim üçün xüsusilə diqqətçəkən məqam, idmanın yalnız nəticə deyil, həm də tərbiyə, intizam və vətənpərvərlik məktəbi kimi təqdim olunması oldu.

Prezident çıxışında gənclərin sağlam ruhda böyüməsinin vacibliyini xüsusi vurğuladı. Doğrudan da, idmanla məşğul olan gəncin həm düşüncəsi, həm də həyat tərzi fərqli olur. Bu, gələcəkdə güclü, məqsədyönlü və məsuliyyətli vətəndaşların formalaşmasına xidmət edir. Məni sevindirən digər məqam isə idman xadimlərinin əməyinə verilən yüksək qiymət idi — illər boyu bu sahəyə töhfə verən insanların təltif olunması, dövlətin idmana verdiyi önəmin göstəricisidir.

Mərasimin ümumi ab-havası bir daha göstərdi ki, Azərbaycan idmanı qarşısına böyük hədəflər qoyub. Prezidentin səmimi təşəkkür və arzuları isə idmançılar üçün əlavə motivasiya oldu. Mən inanıram ki, bu siyasətin davamı olaraq, yaxın illərdə daha böyük uğurların şahidi olacağıq.

Bu çıxış, mənim üçün sadəcə tədbirin yekunu deyil, həm də gələcəyə ünvanlanan bir mesaj idi: güclü dövlət, sağlam cəmiyyət və qürurverici idman ənənələri ilə Azərbaycan daha böyük zirvələrə doğru irəliləyir.

Rəna Süleymanlı,
Yeni Azərbaycan Partiyasının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button