AnalitikaGündəmİdman

İdman dövlətin gücünün, xalqın birliyinin və ölkənin beynəlxalq nüfuzunun mühüm dayağıdır

Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilib. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanın inkişafına da müsbət təsir göstərib. Hazırda nəinki paytaxtımızda, eləcə də regionlarda bir çox olimpiya kompleksləri, müasir idman obyektləri istifadəyə verilib, maddi-texniki baza möhkəmləndirilib. Bütün bunlar idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmalarında müstəsna rol oynayır. Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bu ilin Azərbaycan idmanı üçün uğurlu il olduğunu vurğulayıb. İdmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Dövlət başçısının dediyi kimi, idmançılarımız bu il beynəlxalq yarışlarda 2000-dən çox medal qazanıblar ki, bu da çox yüksək göstəricidir.

O cümlədən, qızıl medalların sayı isə 600-dən çoxdur. Bu uğurların əsasında Azərbaycan Prezidentinin idmana xüsusi diqqət və qayğısı dayanır. Dövlət başçısının qeyd etdiyi kimi, 2025-ci ildə Azərbaycan idmançıları beynəlxalq arenalarda 2000-dən artıq medal, o cümlədən 600-dən çox qızıl medal qazanıblar. Bu rəqəmlər sadəcə statistika deyil. Bu göstəricilər idmanın inkişafının Azərbaycanda təsadüfi proses olmadığını, əksinə, məqsədyönlü, ardıcıl və sistemli dövlət siyasətinin məntiqi nəticəsi olduğunu açıq şəkildə sübut edir. Əvvəlki illərlə müqayisədə medalların sayının artması, idmançılarımızın daha nüfuzlu yarışlarda qalib mövqedə çıxış etməsi ölkədə formalaşdırılmış sağlam idman mühitinin bariz göstəricisidir.

Ölkə rəhbərinin çıxışında xüsusi yer tutan məsələlərdən biri sağlam gənc nəslin formalaşdırılmasıdır. Cənab Prezident haqlı olaraq qeyd edir ki, sağlam gənclik olmadan nə idman uğurlarını, nə də dayanıqlı inkişafı təmin etmək mümkündür. Uşaqlıqdan idmana marağın formalaşdırılması, məktəblərdə və gənclər arasında idmanın təşviqi gələcək böyük qələbələrin təməlini qoyur. Bu siyasət eyni zamanda əhalinin ümumi sağlamlıq səviyyəsinin yüksəldilməsinə, sağlam həyat tərzinin təşviqinə xidmət edir.

İdman təkcə fiziki güc və yarış meydanı deyil, həm də mənəvi tərbiyə vasitəsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, gənclərin sağlam ruhda, vətənpərvərlik ideyaları əsasında yetişdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. İdman bu prosesdə mühüm rol oynayır. Fiziki hazırlıqla mənəvi dəyərlər vəhdət təşkil etdikdə cəmiyyətin davamlı və sağlam inkişafı təmin olunur. Son illərdə xalqımızın nümayiş etdirdiyi yüksək həmrəylik və güclü vətənpərvərlik ruhu bu siyasətin nə qədər düzgün qurulduğunu bir daha təsdiqləyir.

Azərbaycan idmançılarının beynəlxalq arenalarda üçrəngli Dövlət Bayrağımızı ucaltdıqları anlar hər bir vətəndaş üçün sonsuz qürur mənbəyidir. Son beş ildə Azərbaycanın qalib ölkə kimi tanınması, xüsusilə Vətən müharibəsində əldə olunan tarixi Qələbə idmançılarımızın məsuliyyətini daha da artırıb. Onlar artıq müzəffər xalqın nümayəndələri kimi yarışlara çıxır, bu amil isə onların çıxışlarına əlavə ruh və güc verir. Dövlət başçısının diqqət çəkdiyi mühüm məqamlardan biri də Qusarda, Şahdağ Xizək Kurortunda ilk dəfə Xizək üzrə Dünya Kubokunun keçirilməsi perspektividir. Bu hadisə Azərbaycanın artıq qış idmanı sahəsində də beynəlxalq idman təqviminə daxil olduğunu göstərir. Şahdağda yaradılmış müasir infrastruktur, yeni traslar, hotellər və özəl sektorun artan marağı regionda minlərlə yeni iş yerinin açılmasına şərait yaradıb. Bu inkişaf təkcə idman sahəsi üçün deyil, ümumilikdə regional rifah və sosial inkişaf baxımından da strateji əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş çıxışı bir daha sübut etdi ki, idman Azərbaycanda sadəcə medal və yarış anlayışı ilə məhdudlaşmır. İdman dövlətin gücünün, xalqın birliyinin, gəncliyin sağlam gələcəyinin və ölkənin beynəlxalq nüfuzunun mühüm dayağıdır. Bu sahədə əldə olunan uğurlar göstərir ki, seçilmiş yol doğrudur və bu yol Azərbaycanı həm idman meydanlarında, həm də qlobal miqyasda daha böyük zirvələrə aparacaq.

 Ramin Əliyev,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button