AnalitikaGündəmSiyasət

Ekoloji Təhlükəsizlik və Sosial Rifah: Paytaxtın Su Siyasətində Yeni Yanaşma

Yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə Bakı şəhəri və Abşeron yarımadasının mühəndis-kommunikasiya sistemlərinin gələcək inkişafına dair mühüm qərarların müzakirə olunduğu strateji platforma kimi diqqət çəkdi. Tədbir müasir şəhərsalma tələbləri fonunda su təsərrüfatı məsələlərinin nə qədər aktual olduğunu bir daha ortaya qoydu. Son illərdə paytaxt ərazisində əhalinin artımı və tikinti intensivliyi mövcud infrastrukturun imkanlarını ciddi şəkildə sınağa çəkir. Bu baxımdan, su təchizatı və kanalizasiya sistemlərinin vəziyyəti təkcə texniki deyil, həm də sosial məsələ kimi ön plana çıxır. Prezident İlham Əliyev çıxışında məhz bu reallıqları əsas götürərək yeni Dövlət Proqramının zəruriliyini əsaslandırdı. O bildirdi ki, qısa müddətli tədbirlərlə problemi köklü şəkildə həll etmək mümkün deyil. Uzunmüddətli planlama və mərhələli icra mexanizmləri əsas şərt kimi müəyyənləşdirilməlidir. Dövlət başçısının fikrincə, mövcud problemlərin bir hissəsi illər ərzində yığılıb qalıb və artıq kompleks yanaşma tələb edir. Yeni proqram bu sahədə vahid konseptual çərçivə formalaşdırır. Məhz bu yanaşma Bakı və Abşeron yarımadasında dayanıqlı su təhlükəsizliyinin təmin olunmasına xidmət edir.

Prezident İlham Əliyev çıxışının davamında vurğuladı ki, 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı yalnız mövcud vəziyyətin yaxşılaşdırılmasını deyil, eyni zamanda gələcək çağırışlara hazır olmağı hədəfləyir. Bakı və Abşeron yarımadası ölkənin iqtisadi həyatında aparıcı rol oynadığı üçün burada su təsərrüfatının etibarlı fəaliyyəti strateji əhəmiyyət daşıyır. Dövlət başçısı qeyd etdi ki, su təchizatı sistemlərində itkilərin azaldılması, köhnə xətlərin yenilənməsi və yeni texnologiyaların tətbiqi proqramın əsas prioritetlərindəndir. O bildirdi ki, bəzi ərazilərdə suyun böyük hissəsinin istehlakçıya çatmadan itməsi həm iqtisadi, həm də ekoloji baxımdan ciddi problemdir və bu vəziyyət dəyişdirilməlidir. Müşavirədə yağış suları ilə bağlı məsələlərə də xüsusi diqqət yetirilərək, intensiv yağıntılar zamanı yaranan subasma hallarının qarşısının alınması üçün müasir drenaj sistemlərinin qurulmasının vacibliyi vurğulandı. Prezident İlham Əliyev tullantı sularının təmizlənməsi və təkrar istifadəsi məsələsinin gələcək dövrdə daha böyük əhəmiyyət kəsb edəcəyini bildirərək, bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsinin və tətbiqinin zəruri olduğunu qeyd etdi.

Dövlət başçısı ekoloji təhlükəsizliyin qorunmasını proqramın əsas fəlsəfələrindən biri kimi təqdim edərək, Xəzər dənizinin və yeraltı su ehtiyatlarının çirklənməsinin qarşısının alınmasının dövlət üçün prioritet olduğunu bildirdi. Çıxış zamanı proqramın icrasında şəffaflığın və maliyyə intizamının vacibliyi xüsusi qeyd olundu, aidiyyəti qurumlara layihələrin vaxtında və keyfiyyətlə icrası ilə bağlı konkret tapşırıqlar verildi. Prezident İlham Əliyev vurğuladı ki, ayrılan vəsaitlərin hər biri real nəticəyə hesablanmalı və bu nəticələr əhalinin gündəlik həyatında aydın şəkildə hiss olunmalıdır. Nəticə etibarilə, yeni Dövlət Proqramı Bakı şəhəri və Abşeron yarımadasında yaşayış mühitinin yaxşılaşdırılmasına, ekoloji tarazlığın qorunmasına və müasir şəhər infrastrukturunun formalaşdırılmasına xidmət etməklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzunmüddətli və məqsədyönlü dövlət siyasətinin mühüm tərkib hissəsi kimi çıxış edir.

Sevinc Qəhrəmanova,
Yeni Azərbaycan Partiyası, Məsləhətçi

Oxşar Xəbərlər

Back to top button