
Qanlı Yanvar Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizə tarixində ən faciəli, eyni zamanda ən şərəfli səhifələrdən biridir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının hərbi qüvvələri Bakıya və respublikanın bir sıra bölgələrinə yeridilərək dinc əhaliyə qarşı misli görünməmiş qırğın törətdi. Bu hadisə təkcə insan itkisi ilə deyil, həm də xalqın milli iradəsinə qarşı yönəlmiş amansız zorakılıq aktı kimi yadda qaldı.1980-ci illərin sonlarında SSRİ-də gedən siyasi proseslər, “yenidənqurma” və “aşkarlıq” siyasəti imperiyanın zəifləməsinə səbəb olmuşdu. Bu şəraitdə Azərbaycan xalqı da öz milli hüquqlarını tələb etməyə, müstəqillik ideyasını açıq şəkildə ifadə etməyə başlamışdı. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin alovlanması, erməni separatizminə Moskvanın açıq və gizli dəstəyi xalq arasında böyük narazılıq doğururdu. Bakıda və respublikanın müxtəlif bölgələrində keçirilən kütləvi mitinqlər sovet rəhbərliyini ciddi şəkildə narahat edirdi.1990-cı il yanvarın 19-da axşam saatlarında Bakının televiziya mərkəzi partladıldı, informasiya blokadası yaradıldı. Xalq baş verənlərdən xəbərsiz olduğu halda, gecə yarısı Sovet Ordusunun tankları və zirehli texnikası şəhərə daxil oldu.
Fövqəladə vəziyyət elan edilmədən həyata keçirilən bu hərbi əməliyyat zamanı dinc sakinlərə atəş açıldı, qadınlar, uşaqlar, yaşlı insanlar amansızcasına qətlə yetirildi. Rəsmi məlumatlara görə, 130-dan çox insan həlak oldu, yüzlərlə insan yaralandı, çox sayda şəxs həbs edildi.Qanlı Yanvar hadisələri sovet rejiminin əsl mahiyyətini bir daha ortaya qoydu. Silahsız xalqa qarşı ağır hərbi texnikadan istifadə edilməsi, təcili yardım maşınlarının belə atəşə tutulması bu qırğının planlı və məqsədli şəkildə həyata keçirildiyini sübut edirdi. Məqsəd Azərbaycan xalqının azadlıq iradəsini sındırmaq, milli hərəkatı boğmaq idi. Lakin nəticə tam əksinə oldu.Bu faciə xalqın mübarizə əzmini daha da gücləndirdi. Qanlı Yanvar şəhidlərinin dəfni zamanı on minlərlə insanın küçələrə axışması, Şəhidlər Xiyabanının ziyarətgah çevrilməsi milli birliyin və həmrəyliyin simvoluna çevrildi. Azərbaycan xalqı sübut etdi ki, azadlıq ideyasını zor gücü ilə boğmaq mümkün deyil. Məhz bu hadisələrdən sonra müstəqillik arzusu dönməz xarakter aldı və 1991-ci ildə dövlət müstəqilliyinin bərpasına aparan yolun əsasını qoydu.Ulu Öndər Heydər Əliyev Qanlı Yanvar hadisələrinə ilk siyasi-hüquqi qiymət verən lider oldu.
O, Moskvada Azərbaycanın daimi nümayəndəliyində çıxış edərək sovet rəhbərliyini bu cinayətə görə açıq şəkildə ittiham etdi. Müstəqillik dövründə isə 20 Yanvar hadisələrinə rəsmi dövlət səviyyəsində siyasi qiymət verildi, şəhidlərin xatirəsi əbədiləşdirildi.Bu gün Qanlı Yanvar Azərbaycan tarixində həm faciə, həm də qəhrəmanlıq günüdür. O, azadlıq uğrunda canından keçən şəhidlərin müqəddəs xatirəsini yaşadır və gələcək nəsillərə müstəqilliyin hansı böyük qurbanlar bahasına əldə edildiyini xatırladır. 20 Yanvar Azərbaycan xalqının milli yaddaşında əbədi olaraq yaşayacaq.
Günel Nəsibova,
Yeni Azərbaycan Partiyası,məsləhətçi



