
20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində həm böyük bir ağrı, həm də milli qürur rəmzi kimi yadda qalmışdır. 1990-cı ilin yanvar ayında Sovet İttifaqının rəhbərliyi Azərbaycan xalqının azadlıq və müstəqillik tələblərini boğmaq məqsədilə Bakıya hərbi qoşun yeritdi. Dinc əhaliyə qarşı həyata keçirilən bu amansız hücum nəticəsində yüzlərlə günahsız insan həlak oldu və yaralandı. Bu hadisə Sovet rejiminin öz hakimiyyətini qorumaq üçün nə qədər qəddar üsullara əl atdığını açıq şəkildə nümayiş etdirdi.
1980-ci illərin sonlarından etibarən Azərbaycanda milli azadlıq hərəkatı güclənməyə başlamışdı. Xalq öz taleyinə sahib çıxmaq, müstəqil dövlət kimi yaşamaq istəyirdi. Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın ərazi iddiaları da bu hərəkatı daha da alovlandırmışdı. Bakı küçələrinə çıxan insanlar ədalət, suverenlik və azadlıq tələb edirdilər. Lakin Sovet hakimiyyəti bu haqlı tələblərə qulaq asmaq əvəzinə, hərbi güc tətbiq etməyi seçdi.
1990-cı il yanvarın 20-nə keçən gecə tanklar və zirehli texnika ilə silahlanmış sovet qoşunları Bakıya daxil olaraq dinc sakinlərə atəş açdı. Qadın, uşaq, yaşlı demədən insanlar qətlə yetirildi. Rəsmi məlumatlara görə 137 nəfər şəhid oldu, lakin qeyri-rəsmi mənbələrdə bu sayın daha çox olduğu bildirilir. Bu qanlı hadisə təkcə Azərbaycan xalqını deyil, bütün dünyanı sarsıtdı.
20 Yanvar faciəsi xalqın azadlıq iradəsini qıra bilmədi, əksinə, müstəqillik istəyini daha da gücləndirdi. Şəhidlərin qanı Azərbaycanın müstəqil dövlət quruculuğunun təməl daşına çevrildi. Bu faciədən sonra Azərbaycan xalqı öz yolundan dönmədi və 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdi. Qanlı Yanvar hadisəsi milli azadlıq hərəkatının ən mühüm dönüm nöqtələrindən biri oldu.
Bu gün 20 Yanvar şəhidləri böyük ehtiramla anılır. Hər il bu tarixdə insanlar Şəhidlər Xiyabanını ziyarət edir, azadlıq uğrunda canlarını fəda edən qəhrəmanların xatirəsini yad edirlər. 20 Yanvar faciəsi Azərbaycan xalqının mübarizliyini, dözümünü və azadlıq eşqini bütün dünyaya sübut etmişdir. Bu gün biz müstəqil bir ölkədə yaşayırıqsa, bunu 20 Yanvar şəhidlərinin fədakarlığına borcluyuq.
İldırım Eyvazlı
YAP-ın gənc fəalı



