
Müasir dövrdə gənclər siyasəti dövlətlərin strateji inkişaf prioritetləri sırasında xüsusi yer tutur. Çünki gənclik yalnız sosial təbəqə deyil, həm də ölkənin gələcək siyasi, iqtisadi və mədəni potensialını müəyyən edən əsas qüvvədir. Bu baxımdan Azərbaycan Respublikası gənclərə yönəlik siyasətin formalaşdırılması və institusionallaşdırılması sahəsində bir çox ölkələri, o cümlədən beynəlxalq ictimaiyyəti qabaqlayan nümunəvi model ortaya qoymuşdur.
Azərbaycanın müstəqillik tarixində gənclər siyasətinin sistemli şəkildə qurulması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun uzaqgörən siyasi strategiyası nəticəsində gənclər dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. 1990-cı illərin mürəkkəb siyasi və iqtisadi şəraitində belə, gənclərin milli inkişaf prosesində rolunun artırılması dövlətin əsas hədəflərindən biri kimi müəyyən edilmişdir.
1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Gənclər Günü təsis olunması bu sahədə atılan tarixi addımlardan biri idi. Bu qərar təkcə simvolik xarakter daşımırdı, həm də gənclərin dövlət və cəmiyyət həyatında fəal iştirakının təşviq edilməsinə yönəlmiş strateji siyasətin başlanğıcı idi. Maraqlı və diqqətəlayiq məqam ondan ibarətdir ki, Azərbaycan Gənclər Günü təsis edildikdən xeyli sonra beynəlxalq səviyyədə analoji təşəbbüs irəli sürülmüşdür.
Gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının 1998-ci il 8–12 avqust tarixlərində keçirilən toplantısının tövsiyəsi əsasında Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust Beynəlxalq Gənclər Günü elan edilmişdir. Bu fakt bir daha sübut edir ki, Azərbaycan gənclər siyasətinin konseptual əsaslarını beynəlxalq təşkilatların müvafiq qərarlarından daha əvvəl formalaşdırmış və praktik müstəvidə tətbiq etmişdir.
Azərbaycanın gənclər siyasəti yalnız bayram və tədbirlərlə məhdudlaşmır, kompleks və çoxşaxəli dövlət strategiyası kimi həyata keçirilir. Hüquqi bazanın yaradılması, institusional mexanizmlərin formalaşdırılması, gənclərin təhsil, məşğulluq, sosial təminat, innovasiya və sahibkarlıq sahələrində imkanlarının genişləndirilməsi bu siyasətin əsas istiqamətlərini təşkil edir. “Gənclər siyasəti haqqında” qanunun qəbul edilməsi, Gənclər və İdman Nazirliyinin fəaliyyətinin gücləndirilməsi, dövlət proqramlarının həyata keçirilməsi gənclərin potensialının reallaşdırılmasına xidmət edən mühüm addımlardır.
Son illərdə Azərbaycan gəncliyi beynəlxalq arenada ölkəni layiqincə təmsil edir, elm, idman, mədəniyyət və diplomatiya sahələrində mühüm nailiyyətlər əldə edir. Dövlət tərəfindən yaradılan imkanlar gənclərin qlobal rəqabət mühitində uğur qazanmasına şərait yaradır. Xüsusilə də Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində gənclər ölkənin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsinə çevrilmişdir.
Azərbaycan gənclər siyasəti milli kimliyin qorunması və vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Gənclərin milli-mənəvi dəyərlər əsasında formalaşdırılması, dövlətçilik ideyalarına sadiq vətəndaş kimi yetişdirilməsi ölkənin uzunmüddətli strateji maraqlarına uyğun olaraq həyata keçirilir. 44 günlük Vətən müharibəsində gənclərin göstərdiyi qəhrəmanlıq və fədakarlıq bu siyasətin real nəticələrinin bariz nümunəsidir.
Qlobal çağırışların artdığı müasir dövrdə Azərbaycan gənclər siyasətini daim yeniləyir və beynəlxalq təcrübə ilə sintez edir. Rəqəmsal transformasiya, startap ekosistemi, könüllülük hərəkatı və gənclərin ictimai-siyasi fəallığının artırılması istiqamətində həyata keçirilən layihələr Azərbaycanın bu sahədə qabaqcıl mövqeyini daha da möhkəmləndirir.
Azərbaycan gənclərə yönəlik siyasətdə təkcə regional deyil, həm də qlobal miqyasda qabaqcıl nümunə ortaya qoymuşdur. 1997-ci ildə Gənclər Gününün təsis edilməsi və bu addımın beynəlxalq qərarlardan əvvəl həyata keçirilməsi Azərbaycan dövlətinin strateji düşüncə tərzinin və uzaqgörən siyasətinin göstəricisidir. Bu gün Azərbaycan gəncliyi dövlətin etibarlı dayağı, cəmiyyətin aparıcı qüvvəsi və ölkənin gələcək inkişafının əsas təminatçısı kimi çıxış edir.
İslam Bafadarov,
Yeni Azərbayncan Partiyasının məsləhətçisi



