GündəmAnalitikaSiyasət

Azərbaycan-Serbiya arasında dostluq və Müştərək Gələcək sarsılmazdır

Fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bir daha təsdiqlədi. Belqradda keçirilən yüksək səviyyəli görüşlər və verilən bəyanatlar Bakı və Belqradın təkcə dost deyil, həm də Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan strateji tərəfdaşlar olduğunu nümayiş etdirdi. Səfərin ən diqqətçəkən məqamı Azərbaycanın Serbiyaya təbii qaz ixracını artırmaq planları oldu. Prezident İlham Əliyev bəyanatında qeyd etdi ki, Azərbaycan qazı Serbiya üçün həm istilik, həm də sənaye yanacağı olmaqla yanaşı, həm də elektrik enerjisi istehsalı üçün əvəzolunmaz xammala çevrilir. Bu, Serbiyanın regionda enerji qovşağına çevrilməsi yolunda atılan ciddi addımdır. Prezidentin çıxışında xüsusi yer tutan digər məsələ bərpaolunan enerji sahəsində əməkdaşlıqdır. Azərbaycanın 2032-ci ilə qədər 8 giqavatlıq bərpaolunan enerji hədəfi və bu gücün bir hissəsinin Serbiya vasitəsilə Avropaya nəqli planı iki ölkəni “yaşıl dəhliz” layihəsinin mərkəzi oyunçularına çevirir. Bundan əlavə, Azərbaycanın Serbiyada elektrik stansiyası tikintisinə investisiya yatırmaq qərarı iqtisadi bağların nə dərəcədə dərin olduğunu göstərir. Səfər çərçivəsində Azərbaycan-Serbiya Strateji Tərəfdaşlıq Şurasının birinci iclasının keçirilməsi tərəflər arasındakı siyasi dialoqun institusionallaşdığının sübutudur. Hər iki dövlət başçısı beynəlxalq hüququn prinsiplərinə, xüsusilə ərazi bütövlüyü və suverenlik məsələlərinə sadiqliklərini yenidən bəyan etdilər. Prezident İlham Əliyevin bəyanatlarında mərkəzi yeri enerji təhlükəsizliyi tutmuşdur. Azərbaycanın Serbiyaya qaz ixracını artırmaqla yanaşı, bu resursun Serbiyada elektrik enerjisinə çevrilərək regiona nəql edilməsi planları strateji prioritet kimi elan edilmişdir. İqtisadi rəqəmlər də bu artımı dəstəkləyir.3 may tarixindən etibarən Belqrad və Bakı arasında birbaşa uçuşların başlaması turizm və humanitar əlaqələrin inkişafına əlavə təkan verəcək. Prezident İlham Əliyevin Serbiyaya bu səfəri və verdiyi bəyanatlar Azərbaycanın Avropadakı etibarlı tərəfdaşlıq şəbəkəsinin daha da genişləndiyini nümayiş etdirir. İmzalanan sazişlər və əldə olunan razılaşmalar hər iki ölkənin milli maraqlarına xidmət etməklə yanaşı, Balkan regionunda enerji sabitliyinin təmin olunmasında həlledici rol oynayacaqdır. Bakı və Belqrad arasındakı bu sarsılmaz dostluq və strateji ittifaq, qarşıdakı illərdə Avrasiya məkanında iqtisadi və siyasi sabitliyin vacib sütunlarından biri olmağa davam edəcəkdir.

Əyyub Əliyev,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button