
2026-cı il martın 12-də Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu öz işinə başlayıb. Forum dünyanın müxtəlif ölkələrindən sabiq dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatların nümayəndələrini, tanınmış siyasətçiləri və ekspertləri bir araya gətirib. Forumun əsas məqsədi qlobal miqyasda baş verən siyasi, iqtisadi və sosial dəyişikliklər fonunda dövlətlər arasında dialoqun gücləndirilməsi, fikir ayrılıqlarının aradan qaldırılması və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinin müzakirəsidir. Tədbir çərçivəsində qlobal təhlükəsizlik, geosiyasi proseslər, enerji təhlükəsizliyi, iqlim dəyişiklikləri və multilateralizm kimi aktual mövzular ətrafında fikir mübadiləsi aparılır.
Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək forumun beynəlxalq əhəmiyyətini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, müasir dövrdə dünya müxtəlif çağırışlarla üz-üzədir və belə bir şəraitdə ölkələr arasında dialoq və əməkdaşlığın gücləndirilməsi xüsusi önəm kəsb edir. Prezident Azərbaycanın daim beynəlxalq əməkdaşlığın və sülh təşəbbüslərinin tərəfdarı olduğunu bildirib. Prezident çıxışında bildirmişdir ki, bu forum bir çox məsələləri əhatə edir və gündəliyi çox zəngindir. Mən Bakıda bir çox forumlardakı çıxışlarımda qeyd etmişəm ki, işğal dövründə bizim üçün sülh və süverenliyimizin bərpası hər zaman gündəliyimizin əsas prioteti olub. Xoşbəxtlikdən biz artıq yeddi aydır ki, sülh şəraitində yaşayırıq.Bu isə göstərir ki sülh və ədalət uğrunda güclü siyasi iradə, cəsarət və sadiqlik nümayiş etdirmək kifayətdir ki, məqsədə nail olunsun.
Forumda çıxış edən digər iştirakçılar da qlobal miqyasda artan çağırışların həlli üçün birgə fəaliyyətin vacibliyini qeyd ediblər. Bildirilib ki, belə beynəlxalq platformalar dövlətlər və cəmiyyətlər arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, eləcə də ortaq həll yollarının tapılmasına mühüm töhfə verir.
Qeyd edək ki, Qlobal Bakı Forumu artıq beynəlxalq səviyyədə mühüm dialoq platformalarından biri kimi tanınır. Hər il keçirilən forum çərçivəsində dünya gündəmində duran aktual məsələlər geniş müzakirə olunur və beynəlxalq əməkdaşlığın inkişafına dair mühüm təşəbbüslər irəli sürülür.
Mətanət Mustafayeva,
Neft Kəmərləri İdarəsinin əməkdaşı
YAP Nizami rayon təşkilatının fəalı



