Türkiyə Böyük Millət Məclisinin deputatı BDU tələbələri ilə həyat və uğur hekayəsini bölüşüb

Türkiyə Böyük Millət Məslisinin deputatı Sərkan Bayramın Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşü keçirilib. Türkiyənin Ədalət və İnkişaf Partiyasının İstanbuldan deputatı olmaqla yanaşı, tanınmış hüquqşünas, vəkil, BMT-nin sülh elçisi olan Sərkan Bayram tələbələrlə bütün sağlamlıq imkanları məhdud şəxslərə ümid ola biləcək həyat və uğur hekayəsini bölüşüb.
Bu barədə Aktualinfo Media Qrup-a BDU-dan məlumat verilib.
BDU rektoru Elçin Babayev uşaq yaşlarından həyatın çətinlikləri ilə mübarizə aparan və bu mübarizədən qalib çıxan Sərkan Bayramın hekayəsinin gənclər üçün çox ibrətamiz olduğunu vurğulayıb. O, sağlamlıq imkanları məhdud şəxslərə və inklüziv təhsilə Bakı Dövlət Universitetində də xüsusi diqqət göstərildiyini diqqətə çatdırıb. Belə görüşlərin gənc nəslin mənəvi keyfiyyətlərini təkmilləşdirdiyini, onlara əzmkarlıq, empatiya, həssaslıq, xəyallardan vaz keçməməyi aşıladığını bildirib.
Sərkan Bayram tələbələri öz həyat hekayəsi əsasında qələmə aldığı “Buğda dənəsi” kitabı ilə tanış edib. Hələ körpə ikən buğda tarlasında baş verən yanğında əllərini itirən Sərkan Bayram səbirlə həyat mübarizəsi apardığını, heç vaxt ümidini itirmədiyini, bu qətiyyətin minlərlə insanı yaşamağa ruhlandırdığını qeyd edib: “Biz yıxılanda deyil, təslim olanda itiririk. Ona görə əllərimlə tuta bilmədiyimi ürəyimlə tutdum və heç vaxt buraxmadım. “Buğda dənəsi” ümidə gedən yolçuluqdur və tək mənim deyil, milyonların səsi, milyonların hekayəsidir”.
O, öz həyat hekayəsinin sağlamlıq imkanları məhdud insanlara vaz keçməməyi, qətiyyətlə mübarizə aparmağı və uğur qazanmağı öyrətdiyini deyib. Cəmiyyətdə sevginin, empatiyanın, anlayışın yayılmasına töhfə verən belə addımların gənclər arasında da təbliğinin əhəmiyyətli olduğunu vurğulayıb.
Sonda qonaq BDU tələbələrinin suallarını cavablandırıb.











